Qarabag Media
Haqqımızda Əlaqə

"Mənim ən böyük nisgilim yenə də Laçındır" — MÜSAHİBƏ


Tarix:18-05-2018, 01:11 Kateqoriya:Manşet / Müsahibə / Laçın yurdu

"Mənim ən böyük nisgilim yenə də Laçındır" — MÜSAHİBƏMüsahibimiz 1 №-li Sumqayıt Şəhər Xəstəxanasının urologiya şöbəsinin müdiri, əməkdar həkim Əhmədəli Həsənovdur.

Hörmətli oxucular, əvvəlcə həmsöhbətimiz Həsənov Əhmədəli (Əhməd) Abduləli oğlunun bioqrafiyasını öz dilindən eşidək:

– 1948-ci ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olmuşam. İbtidai sinfi öz kəndimdə oxumuşam. Kim qışda arana köçüb gedirdisə, onun evini qışda məktəb edirdilər. 2 müəllimimiz vardı: Bəbir müəllim və Camal müəllim. I-III siniflər və II-IV siniflər paralel idi. Radio yox, işıq yox, çıraq işığında oxuyurduq, amma yaxşı çalışırdıq. IV sinfi qurtarandan sonra Leninkənddə (indiki Qarakeçdi) VII sinfi bitirdım.

Kəndimizdə orta məktəb yox idi. Minkənd kəndində isə orta məktəb vardı. Bizim vaxtımızda 11 illik idi. XI sinfi də burada başa vurdum. 1966-cı ildə indiki Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul oldum. 1973-cü ildə ali tibb məktəbini müvəffəqiyyətlə qurtardım. İlk interna bizim vaxtımızda başladı. Məni Cavadzadənin kafedrasına göndərdilər. 1 il urologiya ixtisası üzrə interna keçdim. O kişi də, Allah rəhmət eləsin, çox tələbkar, bilikli adam idi.

1974-cü il avqustun 1-dən taleyimi Sumqayıt şəhərinə bağladım. Deməli, mən bura gələndə 2 uroloq var idi: İbadov, bir də erməni Xaçiyev. Mən, demək olar ki, hazırlıqlı gəlmişdim. Düzü, ona qədər urologiya heç inkişaf da etməmişdi. 1975-ci ildən 1 №-li Sumqayıt Şəhər Xəstəxanasının urologiya şöbəsinin müdiriyəm. Sumqayıt camaatına xidmət etmişəm. Hətta rəhmətlik Cavadzadə uroloji xəstəliklə bağlı Sumqayıtdan onun yanına gedənlərə “Bura nəyə gəlmisiz? Əhməd Sumqayıtdadır də” – deyərdi. Çalışıb uroloji xidməti yüksəltdik. Bildilər ki, Sumqayıtda uroloq da var. Elə o vaxtdan bu vaxta qədər xalqımıza tibbi xidmət göstəririk. Bir neçə dəfə attesstasiyadan keçmişəm, ali dərəcəli uroloqam. Sözün düzü, elmin dalınca düşmədim. Müxtəlif ölkələrdə qurultaylarda olmuşam. Ümumiyyətlə, urologiya sahəsində ən son yenilikləri öyrənməyə və tətbiq eləməyə çalışmışıq.

– Doktor, o vaxtlar indiki kimi repititor yanına getmək yox, xüsusi hazırlıq kursları yox. Tibb Universitetinə qəbul zamanı “konkurs”dan keçməyin də öz çətinlikləri. Belə bir şəraitdə ucqar dağ kəndindən gələn abituriyentin respublikanın ən reytinqli ali məktəbinə qəbul olması asan idimi?

– Təbii ki, asan deyildi. Amma buna təəccüblənmək də doğru olmazdı. Minkənd kəndindən çox savadlı adamlar çıxıb. Orada müəllimlər can yan-dırır, şagirdləri yaxşı hazırlayırdılar. Əlavə hazırlıq yox idi. Minkəndin özündən nə qədər həkimlər, başqa sahələr üzrə tanınmış alimlər olub. Amma öz kəndimizdə 1-ci həkim mənəm. İndi 5-6 nəfər var. Deyim ki, müəllimdən çox şey asılıdır. Müəllimi həmişə ali bir insan, müqəddəs hesab eləmişik. Müəllim bizim üçün ideal idi. Dərsə getməyəndə axşam müəllim evə gəlir, harada olmağımızla maraqlanır,valideynlərimizdən dərsə gəlməməyimizin səbəbini öyrənirdilər. Bizi daha yaxşı oxumağa həvəsləndirirdilər. Bunların da nəticəsi olaraq elm, savad qazanırdıq. Biliyə zaval yoxdur. Kim deyirsə ki, bilirdim, ay qiymətimi elə kəsdilər, belə kəsdilər, boş söhbətdir. Kim bilirsə keçir.

– Universitet illərini necə xatırlayırsız? Yadınızda daha çox kimlər və necə qalıb?

– Yadımda daha çox qalan anatomiya kafedrasının müdiri, professor Kamil Balakişiyevdir. Çox təmənnasız bir adam idi. Tramvayda gedəndə biletini başının üstündə tuturdu ki, hamı görsün, tələbələr ona bilet almasınlar. Kafedrada gözəl bir anatomiya muzeyi yaratmışdı. Dünyada anatomiyaya aid elə bir preparat yox idi ki, həmin muzeydə olmasın. Çox ideal bir adam idi. Uşaqlar çalışırdılar ki, o kişiyə imtahan versinlər. Çünki bir sualın cavabını bilməsəydin, amma “professor, oxumuşam, yadımdan çıxıb” – desəydin, o sualı təzədən sənə başa salar, heç olmasa bir “3” yazardı. “Oxumamışam” – deyən tələbəni isə bağışlamazdı.
Bir də Adil müəllim vardı. Rəhmətlik çox yaxşı adam idi. Həkimlik fəlsəfəsindən yazmışdı. Dərsdə mühazirə oxumaqla kifayətlənməz, həyatdan da danışardı. Yaxşı insan, yaxşı həkim olmaq üçün bizə tövsiyələrini verərdi. O qədər alicənab bir adam idi ki, hamı onu çox istəyirdi. İndi də yadımızdan çıxmır elələri. Tələbədən nəsə uman müəllimlər də vardı. Amma əksəriyyəti yaxşı müəllimlər idi. Pis müəllimlər də yavaş-yavaş sıradan çıxırlar.

– 1966-cı ildən çıxdığınız kəndlə, kənd camaatı ilə necə əlaqə saxlayırdınız?

– Hər il yayda kəndə gedirdim. Mən kəndə çox bağlı adamam. Yaşlı insanlarla görüşürdüm. Evimiz heç vaxt qonaqsız olmurdu. Kəndə gedəndə mənim şərəfimə xüsusi qonaqlıq verilərdi. Qohumlar, dostlar yeyib-içib gedirdilər. Boş vaxtlarımda yoldaşlarla Ağdərə çayının qırağına gedirdim. O qədər mənzərəlidir ki... Bir tərəfdən dağlardır, bir tərəfdən qayalar. Gur çaydır, axıb gedir, yuxarıda da qartallar adamın başının üstündə qıy vururlar. O mənzərədən, sakitçilikdən həzz alırdıq. Saatlarla orada otururduq. Sonra dostlar gəlirdi, torla balıq tuturduq. Özü də bizdə farel balıq idi, başqa balıq olmurdu.
Bir dəfə Hacıxanlı çayında (Şəlvə çayının Hacıxanlı kəndindən keçən hissəsi) torla balıq tutub gəldim sizin kəndə – İmanlara, rəhmətlik Zərifə xalamgilə. Bizim camaat çox qonaqpərvərdi. Laçın camaatı kimi qonaq-pərvər camaat mən heçarda (heç bir yerdə) görməmişəm. Kəndə getdiyim günlərdə boş vaxtım olmurdu. Gəlirdilər, görüşürdülər, qonaq çağırırdılar. Getməyəndə də inciyirdilər. Unudulmaz günlər idi. Şəhərə qayıdanda da rəhmətlik nənəm aş bişirirdi. Adını da qoyurdu “ayrılıq aşı”. Gözümüzdən yaş gələ-gələ yeyirdik. Adam kənddən ayrılmaq istəmirdi. Təəssüflər olsun ki, o kəndə gedə bilmirik, təkcə xatirələr qalıb.

– Uşaqlıq dostlarınla əlaqələriniz qalırmı?

– Görüşürəm həmişə. Uşaqlıq dostu heç vaxt unudulmur. Bu dostluğun əvəzi yoxdur. Uşaqlıq illərində Cəfərqulu adlı dostum vardı, qaçqınlıqda itkin düşdü. Nadir vardı, uzun illər şofer işlədi. Mən birinci dəfə maşın sürməyi onun “QAZ-51”-ində öyrəndim. O da, uşaqlıq dostum Şükür də rəhmətə gedib. Bir sözlə, taytuşlarımın çoxu qalmayıb.

– Laçınlılar qaçqınlıqdan əvvəl də, sonra da sizin yanınıza çox gəlirdilər. Bir həkim kimi camaatımızın sağlamlıq durumunu necə qiymət-ləndirirsiniz?

– Qaçqınlıq çox ağır bir dərddi. Son vaxtlar, demək olar ki, hər gecə o yerləri yuxuda görürəm. Bizim camaat də elə bilir ki, Əhməd həkimdən yaxşı həkim yoxdu. Ağcabədidən, Bərdədən, Yevlaxdan tutmuş hər yerə səpələniblər. İmkanımız daxilində kömək eləyirik. Sağlamlıqlarının keşiyində dururuq. Kövrəlirik, söhbətləşirik. Axırda da deyirik ki, dövlətimizin hərbi gücü artır, möhkəmlənir. Cənab Prezidentimizin köməyi ilə dədə-baba yurd-larımıza qayıdacağıq.

Bizim kənd Ağbulaqdı. Kəndin yuxarı tərəfindən bulaq çıxırdı. Çıxan kimi də çay əmələ gətirirdi. Bu bulağın suyu aşağıda 5-6 dəyirman işlədirdi. Respublikanın hər yerini gəzmişəm, o cür gur suyu olan bulağa rast gəlməmişəm. Qonaqlar da gələndə deyirdim gəlin mərc gələk, görüm kim bar-mağını 1 dəqiqə o bulaqda saxlaya bilər. Suyu buz kimi idi. Hər kəs o bulaqdan qapısına su çəkmişdi. Müasir evlər tikilmişdi, hamının vəziyyəti yaxşılaşmışdı, kasıb adam qalmamışdı. Bizim camaat qeyrətli camaatdı, zəhmətkeşdi. İndi də Ağcabədidə inşa edilmiş Taxtakörpü qəsəbəsində qalırlar. Yayda gedirlər Daşkəsənə. Çətin şəraitdə, alaçıqda yaşayırlar, mal-heyvan saxlayırlar. Yayda Daşkəsənə – camaatımızın yanına gedirəm. Alaçıqda 10 gün qalmaqla bir balaca təskinlik tapıram. Kəndimizin iyini buradakı camaatımızdan alıram. Başqa heç yana, sanatoriyaya, kurorta getmirəm.

– Alaçıqda olan vaxtı da sizə həkim kimi müraciət edənlər olurmu?

– Əlbəttə, müraciət edənlər olur. Mən də müalicə yazıram, məsləhətlərimi verirəm. Bircə əməliyyat edə bilmirəm, çünki əməliyyat üçün şərait yoxdur. Daşkəsənə qardaşım Vaqiflə gedirik. Bunun da məclisdə yaxşı deyib-gülməyi, “onektod” söyləməyi var. Həm də kənd icra nümayəndəsidir. Özümlə aparıram ki, camaatın şikayətlərini də eşitsin.

– Bir uroloq kimi müşahidələrinizi də bizimlə bölüşərdiniz. Son vaxtlar uroloji xəstəliklər artıbmı, azalıbmı?

– Son vaxtlar böyrək daşları çoxalıb. Ola bilər ki, əvvəllər də çox olub, amma ultrasəs, kompüter tomoqrafiya, maqnit rezonans müayinələri indiki səviyyədə olmadığına görə vaxtında aşkarlanmayıb. Böyrəkdə və bədənin digər üzvlərində isə şiş xəstəlikləri doğrudan da artıb. Bəlkə də havayla, süni qidalarla əlaqədardır. Hərə bir fərziyə deyir. Ürək, şəkər xəstəlikləri də çoxalıb. Həkimin vəzifəsi odur ki, xalqına xidmət eləsin, insanların sağlamlığını qorusun.
Həkimlik praktikasında nə qədər adamlar sağaltsan da, sağalda bil-mədiyin xəstələr da olur. Tək məndə yox, bütün həkimlərdə belədir. Müalicə etdiyim xəstənin ölümünü həmişə çox pis qəbul edirəm. O qədər ağır qəbul edirəm ki, heç vaxt yadımdan çıxmır. Yaranan bir gün gedir, bu, təbiətin qanunudur. Bir var əlacı olan, bir də var əlacı olmayan xəstəlik. Hərdən belə hallarla qarşılaşanda deyirəm ki, mən niyə həkim oldum. Həkimin ən sevincli anı odur ki, xəstə gəlib deyir ki, sağ ol, sağalmışam, evə gedirəm. Dünyada bizim üçün bundan böyük xoşbəxtlik yoxdur. Çoxu məktub yazır, zəng edir. Bəziləri minnətdarlığını şeirlə bildirir. Hərdən məndən şeir yazıb-yazmamağımı soruşurlar. Deyirəm vallah elə şeir yazanlar olub ki, mən şeir yazsam, onlarla müqayisədə çox gülməli çıxar. Həmişə Səməd Vurğunu misal gətirirəm. Hansısa bir işlə o işi bacaran məşğul olmalıdır. Dad yarım-çıq əlindən. Həkimlik də belədir.

– Gənc həkimlərlə münasibətiniz, onlara inamınız necədir?

– Həmişə çalışmışam ki, gəncləri irəli çəkəm. İndiyədək 15 nəfər uroloq yetişdirmişəm. Həkimlikdə bilikdən də çox təcrübə vacibdir. Bəziləri çalışıb onu qazanır. Amma bəziləri institutu qurtaran kimi deyir ki, mən həkiməm. Zaman keçdikcə yavaş-yavaş nəzəri biliklərini tətbiq etməyə başlayır və anlayır ki, hələ heç nə bilmir. Təcrübəsi olmayan adam institutu əla qiymətlərlə qurtarsa da, haradasa 1-2 il kursda olsa da, hələ kamil həkim deyil. Bir dəfə müəllim xəstəni tələbənin yanına gətirir ki, diaqnoz qoysun. Tələbə əlini xəstənin qarnına qoyan kimi deyir ki, apendisitdir. Sonra xəstəni akademik müayinə edir. Qarnına baxır, siptomlarını yoxlayır, xəs¬təni bir saat sorğu-suala tutur. Axırda o da deyir ki, apendisitdir. Tələbə bildirir ki, bunu mən də demişdim də. Müəllim üsə diaqnozun qoyuluşunda tələs¬məməyi məsləhət görür, çünki başqa xəstəliyin də ola biləcəyini söyləyir. Həkimlikdə səhv eləmək ağır məsələdir. Gərək səhv eləməyəsən. İndiki bəzi gənc həkimlər təəssüf ki, tələsirlər. Hətta bilmədiklərini də bildiklərini deyirlər. Təki xəstələri olsun. Bu isə düzgün deyil. Bacardığın işdən yapışmalısan, bacarmadığını əvvəlcə etiraf etməlisən, sonra öyrənməlisən.
Bu yaxınlarda nəvəmin qolu sınmışdı. Apardım bir professorun yanına. Özümü təqdim elədim. O özü bu sahəni yaxşı bilirdi. Amma professor məni 3-cü mərtəbədə başqa bir həkimin yanına göndərdi. Halbuki o özü bilikli mütəxəssis idi, uğurlu əməliyyatlar edirdi.

Həmin həkimin yanına getdim və əməliyyat da müvəffəqiyyətlə keçdi. Mənim özüm də xəstəni müayinə edəndə diaqnozu dəqiqləşdirirəm. Görsəm ki, müalicə edə biləcəyim xəstədir, götürürəm, əgər bacarmıramsa yönəl-dirəm başqa yerə.

– Bir az da xəstə-həkim münasibətlərindən danışaq...

– Mənə hərdən zəng edirlər ki, bu xəstəyə yaxşı bax. Mən ona zəng edirəm ki, qardaş, həkimlə xəstədən bir-birinə yaxın heç kim yoxdur. Sən əgər həkimsənsə, bu da xəstədir. Xəstə inciyər də, küsər də, narazı da qalar, kövrək də olar, ancaq sən bütün hallarda ona qayğı ilə yanaşmalısan. Hə-kimlə söhbət zamanı hansısa xəstə bir balaca ümidlənmirsə, deməli, o, yaxşı həkim deyil. Xəstə olub ki, mənimlə dalaşıb da, ağır söz də deyib. Qətiyyən reaksiya verməmişəm. Öz işimi görmüşəm, sonra gəlib ki, həkim, bağışla. Sən həkimliklə məşğul olursansa, hər şeyə dözməlisən. Rəhmətlik Emin Əfən-diyev – o vaxtı kafedra müdiri idi – bizə ilk mühazirəsində demişdi: “Həkimlik, yaxşılıq yaşasa qoşa, Səni də sevdirər, qaldırar başa”.

Həkim olmaq azdı, yaxşı insan olmaq lazımdır. Yaxşı insan deyilsənsə, yaxşı həkim ola bilmərsən. 20 il əvvəl müalicə etdiyim insanlar var ki, indi də zəng edirlər, həkimlərini unutmurlar. Bizim xalq çox qədirbilən xalqdır.

– Uzun illər göstərdiyiniz xidmətin müqabilində insanların sevgisini qazanmaq, dövlət tərəfindən mükafatlandırmaq necə hissdir? Əməkdar həkim fəxri adına layiq görüləndə hansı hisslər keçirdiniz?

– Çox yaxşı hissdir, sevindiricidir. Allah-taala Prezidentimizin canını sağ eləsin. Mənim əməyimə, o cümlədən bütün səhiyyə işçilərinə verilən ən yük-sək qiymətdir. Mən böyük qürur hissi keçirirəm ki, ömrümün bu yaşında mənə bu ad verildi. Ən böyük sevincimizi Prezidentimizin ətrafında birləşib torpaqlarımızı azad etmək arzumuz reallaşanda yaşayacağıq inşallah. İndi hamımız işğal günlərindən danışanda ağır hisslər keçiririk.

– Laçınlılar qaçqınlıqdan əvvəlki illərlə müqayisədə indi daha çox xəstələnirlər sanki...

– Xəstəlikləri əmələ gətirən ilk səbəb sinir sistemidir, fikirdir, qaçqınlıq dərdidir. Əvvəllər Laçında xəstələr az olurdu. Xəstəliyin çoxu fikirdən əmələ gəlir. Laçınlı xəstələr yanıma gələndə özümü bir anlıq kənddə hiss edirəm. Qucaqlaşırıq, dərdləşirik, sevinc-kədər qarışıq incə hisslər keçiririk. Ağbulaqdan gələn adam olanda elə bilirəm Ağbulaqdayam. O qədər təsir eləyir ki... Doğma yurd həsrətini sözlə ifadə etmək mümkün deyil.

– Övladlarınızdan yolunuzu davam etdirən varmı?

– Həkimlik həm çox şərəfli, həm də çətin və əzablı bir sənətdir. Xəstə yaxşı olanda sevincinin həddi-hüdudu olmur. Ayrı cür olanda çox ağır hiss¬lər keçirirsən. Bəlkə də ona görə mən uşaqları həvəsləndirmədim bu sahəyə. Özüm çox çətin günlər keçirmişəm. Ağır xəstələr olanda günlərlə xəstəxa-nada qalmışam. Oğlumun biri hərbi sahədə xidmət göstərir, biri isə Sumqayıt Şəhər İcra Hakimiyyətində işləyir. Qızım bank sahəsində çalışır. Nəvələrim var. Hamı kimi mən də nəvələrlə uşaqlaşıram. Rəhmətlik atam zəhmli adam olub. Onun bir dəfə də bizi qucağna almağı yadıma düşmür. Nəvələr olanda boynuna alırdı. “Dövlətdə dəvə, övladda nəvə” deyimi elə-belə yaranmayıb.

Minkənddə bizim bir qohum vardı – Yelmar kişi. Yoldaşına Saçlı bibi deyirdilər. Çox nazlı bir qadın idi. Oğlu Müzəffər, gəlini Məxluqə ilə qalır-dılar. Onların Saçlı bibinin yanında ixtiyarları yox idi ki, uşaqlara bir kəlmə söz desinlər. Bunların Süsən adlı ağlağan bir qızı vardı. Yaxşı xatirimdədir, bir qış günü idi. Biz də onlara qonaq getmişdik. Peçin qırağında oturmuşduq. Saçlı bibinin yanında oturan Süsən başladı mızıldamağa, düz bir saat kirimədi. Atayla ana da Saçlı bibinin yanında dinə bilmirdilər. Birdən Saçlı bibinin də səbri tükəndi. Süsənin üzünə bir şapalaq vurdu: “Kopaqqızı bəsdi də, sən nə qədər ağlayassan?”. Müzəffər qayıtdı ki, “əlinə qurban olum, bunu bayaqdan elə də”. Bu misalı ona görə çəkdim ki, gənc nəslə örnək olsun. O dövrdə böyüklərin yanında uşağın üstünə qışqırmaq da ədəbsizlik sayılırdı.

– Bizlərdə dədə-baba dostluğu da həmişə müqəddəs olub. İndi o dostluğu qoruyub saxlaya bilirikmi?

– Atam ailənin kiçik oğlu olub, özü də yetim böyüyüb. Anası Abtabın himayəsində tərbiyə alıb. Biz ona “ay nənə” deyirdik. Atam həddi-buluğa çatandan sonra, baxmayaraq ki, kasıbçılıqıydı, kəndə qonaq gələn hər kəsi evə gətirirdi. Ağbulağa gələnlərin elə biri yox idi ki, bizdə çörək kəsməsin. Atam boya-başa çatdı, kolxoz sədri, 20-25 il kənd sovet sədri işlədi, həddindən artıq dostları oldu. O dostların hamısını atam çörəklə qazanmışdı. Bizim evdə çörək kəsən adamlarla əlaqələri üzmürdü. Şəlvə zonasına ən əziz dostu Qovuşuqdan İsgəndər dayı idi. Atam yaxşı at minən idi, İsgəndər kişinin də yaxşı atları olurdu. Biri-birinə at bağışlayırdılar. Yalan olmasın, maşının 60-ıyla yorğa yeriyən atlar. Həmin atları 40 gün içəridə bağlayıb arpa verirdilər. İçəridən çıxardandan sonra o atları minmək hər oğulun işi deyildi.

İmanlarda rəhmətlik Alı dayı, Qaraca dayı, Daşlıda Xasay kişi atamın yaxın dostları idi. Atam həmişə onlara, onlar da bizə gəlib-gedirdilər. Min-kəndin bazarına yol bizim kənddən keçirdi. Bazara gələnlər Abduləli kişinin evində çörək kəsməmiş getməzdilər.
Gedib-gəlməyəndə yolu kol-kos, şax-şəvəl basır. O vaxtın dostları tə-mənnasız dostlar idi. Bir də dostda nöqsan axtarsan, dostluq edə bilmərsən. Dost dostun nöqsanını üzünə deməlidir, bağışlamalıdır.

İmişli rayonundan bir kirvəmiz var idi. Məşədi İbrahim. Bizim dağlara gəlirdilər. 70 ildən sonra da bu kirvəlik, bu dostluq davam edir. Dostluq doğ-rudan da çox gözəl nemətdir.

– Siz Laçında doğulsanız da, həyatınızı Sumqayıtsız təsəvvür etmək mümkün deyil. Bu barədə nə deyərdiniz?

– Sumqayıtın səhiyyə sistemində elə bir həkim, tibb işçisi olmaz ki, mənim onunla münasibətim yaxşı olmasın. Sumqayıt camaatı da məni yaxşı ta-nıyır. Deyim ki, sumqayıtlılar əməksevər, çətinliyə sinə gərən, hər cəhətdən çox yaxşı insanlardır. Demək olar ki, 1974-cü ildən buradayam. Bugünədək eyni müəssisədə, eyni şöbədə işləmişəm. Əmək kitabçamda 2 əmr var. Biri internaturadan çıxmağım, biri də bura həkim təyin olunmağım barədə əmrdir. Sumqayıt camaatını çox sevirəm. Onlar da mənə həmişə böyük hörmət və ehtiram göstərirlər. Gəncliyim burada keçib. Yaşlı çağlarım da burada keçir. Sumqayıt mənim üçün doğma şəhərdir. Son 1-2 ildə Sumqayıt sürətlə in-kişaf edib. Heydər Əliyev Mərkəzi, giriş yolları möhtəşəmdir. Cənab Prezident özü dedi ki, dənizkənarı parkı bir ildə yaratmaq möcüzədir. Sağ olsun icra başçımız, yaxşı işləyir, bütövlükdə Sumqayıta, o cümlədən də səhiyyəyə doğma münasibət bəsləyir. Gəlir, baxır, iradlarını bildirir, tapşırıqlarını verir. Çox razıyıq. Sumqayıt bir ailə kimidir, hamı bir-birini tanıyır.

– Bəlkə gözlədiyiniz hansısa sualı sizə vermədim. Son olaraq o suala cavabınızı eşitmək istərdim.

– Siz əhatəli suallar verdiniz. Amma mənim ən böyük nisgilim yenə də Laçındır, itirilmiş torpaqlarımızdır. Ən böyük arzum budur ki, Allahın izni, xalqımızın birliyi, Prezidentimizin qətiyyəti və ordumuzun gücü ilə bu həsrətə son qoyulsun. Mərhum şairimiz Məzahirin bir şeiri yadıma düşür:

Qarşımda dayanıb göz dağı kimi,
O dağın o üzü bizim Vətəndi.
Çıxar dəsmalını bir ağız ağla,
Bu qəm göz yaşısız çətin ötəndi,
O dağın o üzü bizim Vətəndi.


Səs verməz səsinə, ha qışqır, çağır,
Nə qədər çətindir, nə qədər ağır.
Allah, qayalara yenə qar yağır,
Elə bil anamın saçında dəndi,
O dağın o üzü bizim Vətəndi.


Sizə də minnətdaram ki, vaxt ayırıb gəlmisiz. Bu, mənə həm də ona görə xoşdur ki, Laçında boya-başa çatan insanlarla həmsöhbətəm. İstəyirəm ki, arzularımız gerçəkləşsin, Laçına qayıdışımız tezləşsin.

Söhbətləşdi: Arif MƏMMƏDLİ










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi