Qarabag Media
Haqqımızda Əlaqə

“Laçında “sənölümüz“, “mənölümüz”, “çörək haqqımız” qaldı” — Azər Məmmədov


Tarix:20-06-2018, 19:48 Kateqoriya:Manşet / Müsahibə / Laçın yurdu

“Laçında “sənölümüz“, “mənölümüz”, “çörək haqqımız” qaldı” — Azər MəmmədovMüsahibimiz Laçın şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra ilk icra başçısı olmuş dəyərli ziyalımız, memar Azər Məmmədovdur.

- Azər müəllim, xoş gördük, necəsiniz? Havalar da yaman isti keçir, neyləyirsiniz?

- Dözürük də, neyləyək ki, həyatdı, istisi də var, soyuğu da. Soyuğa da dözürük, istiyə də, köçkünlüyə də. Nə bilim, qismətimiz bu imiş, köksüz ağac kimiyik. Mən həmişə demişəm ki, laçınlılar kökünün üstündə deyil, çıxarılıb bir başqa yerdə əkilən ağaca bənzəyir. Biz kök ata bilmirik, ona görə də yaşlı nəslimizin çoxu gedib, Laçının itkisi həddindən çox olub. Bir dəfə biri dedi ki, “Laçın, Laçın” deyirsiz, nədi ey bu dağ camaatı... Bir epizodu xatırlatdım. İçərişəhərdə ofisim vardı. Metroyla gedib-gəlirdim. Bir dəfə metronun çıxışında dilənən qadın gördüm. Laçında şəhər sovetinin sədri işlədiyim vaxt bir-biriylə çəpər, yol davası eləyən iki qonşu qadından birinə oxşatdım. Özü də davakar olmayan, sakit, haqlı hesab etdiyim qadına. Sarsıldım, narahatlıq keçirdim. Geri qayıdıb o birisi keçiddən çıxdım. Baxdım ki, o deyil, elə bil çiynimdən ağır bir yük götürüldü, yüngülləşdim. Bax laçınlı budur, ən çətin anda da qürurunu saxlayır, özünü sındırmır, əyilmir.

- Sizi Laçın ictimaiyyəti yaxşı tanıyır, ancaq istərdik ki, haqqınızda bioqrafik məlumatları öz dilinizdən eşidək.

“Laçında “sənölümüz“, “mənölümüz”, “çörək haqqımız” qaldı” — Azər Məmmədov

- 1954-cü ildə Hoçaz kəndində anadan olmuşam. Qardaşım 1959-cu ildən Sumqayıt şəhərində işləyirdi, qısa müddətdə orada mənzil almışdı. 1961-ci ildə kənddə cəmi 1 ay məktəbə getmişdim ki, qardaşım məni özümlə Sumqayıta apardı, 1-ci mikrorayonda yeni açılmış 5 nömrəli məktəbdə təhsil almalı oldum. Bəlkə də memarlığa, incəsənətə marağıma Sumqayıtdakı dərnəklərin təsiri oldu. 7-ci sinifdə oxuyanda qardaşım xəstələnmişdi. O vaxtlar Sumqayıtda çox sayda kimya zavodları tam gücü ilə işləyirdi. Bu zavodların atmosferə buraxdığı zəhərli qazlar şəhərin havasını çox acınacaqlı hala salmışdı. 1967-ci ildə Sumqayıta qonaq gəlmiş atam bu vəziyyəti görüb məni də, qardaşımın ailəsini də Laçına qaytardı və mən 7-8-ci sinfi Hoçazda, 9-10-cu sinifləri isə Laçın şəhərindəki 1 №li orta məktəbdə oxudum. 1971-ci ildə orta məktəbi bitirib Politexnik İnstitutunun (indiki Texniki Universitet) memarlıq fakültəsinə daxil oldum. 1975-ci ildə Politexnik İnstitutunun inşaat prozasında İnşaat Mühəndisləri İnstitutu (indiki Memarlıq və İnşaat Universiteti) yaradıldı və mən 1976-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib Laçın rayon rəhbərliyinin rəsmi tələbnaməsi əsasında 1976-cı ilin oktyabr ayından Laçın rayonunun baş memarı kimi əmək fəaliyyətinə başladım. 1984-cü ildə Laçın Səhər Soveti İcraiyyə Komitəsinin sədri seçildim. 1989-cu ildə rəhmətlik Muradxan Cabbarov Zəngilan rayon Partiya Komitəsinin I katibi vəzifəsindən azad olunduqdan sonra Laçına qayıtdı və onun işlə təmin olunması zərurəti ortaya çıxdı. Bir neçə idarə rəhbərinə başqa işə keçib tutduğu vəzifəni Muradxan müəllimə vermək təklif olunsa da, heç biri daşıdığı vəzifədən könüllü şəkildə getmək istəmədi . Bu məsələni eşidib o dövrdə Laçın Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən rəhmətlik Xanlar müəllimin yanına getdim və Muradxan müəllimin rayonumuzda, xüsusilə də Laçın şəhərində böyük zəhməti olduğunu, ağsaqqalığını nəzərə alıb könüllü olaraq daşıdığım vəzifəni ona vermək istədiyimi bildirdim. Mənim təklifim Xanlar müəllim üçün gözlənilməz oldu, dedi ki, sən cavansan, yaxşı mütəxəssissən, işindən də razıyıq, get öz işində çalış, biz Muradxan müəllimi münasib işlətəmin edəcəyik. Mən isə təkid edib Muradxan müəllimlə baş memar kimi daha çox iş görmək imkanım olacağını bildirdim. Xanlar müəllim, nəhayət, mənim təklifimlə razılaşdı. Bir neçə saatdan sonra məni kabinetinə çağırtdırdı. Muradxan müəllim də orada idi. O mənə bildirdi ki, Muradxan müəllim sənin könüllü olaraq Şəhər Sovetinin sədri vəzifəsini ona vermək istədiyinə inanmır. Mən Xanlar müəllimə dediklərimi yenidən təkrarladım. Lakin Laçınımızı respublikanın ən gözəl şəhərinə çevirmək arzumuzu həyata keçirmək məlum Qarabağ hadisələri ilə əlaqədar mümkün olmadı.
Sonra da Rayon İcraiyyə Komitəsi, Rayon Partiya Komtəsi ləğv olundu, yeni İcra Hakimiyyəti Aparatı yarandı, onda mən də oldum İcra Hakimiyyətində şöbə müdiri. 1990-91- ci illərdə İcra Hakimiyyətinin tikinti şöbəsinin müdiri olaraq şəhərin abadlığından çox, müdafiə obyektləri ilə əlaqədar işlərlə məşğul oldum. Təəssüflər olsun ki, Laçın torpağında şərəfli ölüm əvəzinə, 1992-ci ilin may ayında mənə Bakı şəhərində məcburi köçkünlük taleyi qismət oldu. Laçınlıların bir xeyli hissəsi “Yeni Günəşli” massivində hələ su, kanalizasiya xətləri qoşulmayan, tikintisi başa çatdırılmamış binalarda yerləşmişdi. Mən də bu massivdə məskunlaşanlardan biri idim. Bir neçə laçınlı ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının qəbuluna getdik, vəziyyəti ona izah edib bildirdik ki, qanuni, qanunsuz, yığışmışıq bu binalara, siz onsuz da bu binalara su, kanalizasiya xətləri çəkməlisiniz. Göstəriş verin tikinti təşkilatları binaların kanalizasiya, su xətlərini təcili düzəltsinlər, məskunlaşmış əhaliyə isə toxunmasınlar. Laçın işğaldan azad olunan kimi biz həmin mənzilləri sizə qaytaracağıq. (Çox təəssüf ki, o vaxtkı icra başçısı bizə verdiyi sözə əməl etdi, biz isə indiyədək verdiyimiz sözü yerinə yetirə bilməmişik. Nə Laçını işğaldan azad etmişik, nə də mənzilləri geri qaytarmışıq). İcra başçısının yanından çıxanda bizimlə olanlardan bir nəfər dedi ki, laçınlılar bu gün Milli Məclisin qarşısına toplaşırlar, gəlin biz də ora gedək. Milli Məclisin qarşısına gəldik. Orada 400-500 adam toplaşmışdı. Milli Məclis rəhbərliyi ilə əlaqə yaradılmış və qərara alınmışdı ki, toplantı iştirakçılarından 7 nəfər nümayəndə seçilsin, həmin nümayəndələr toplantı iştirakçılarının tələb və istəklərini Milli Məclisin rəhbərliyinə çatdırsınlar. Biz oraya çatanda qəbula girəcək 6-cı nümayəndənin kimliyi müzakirə olunurdu. Maşından düşdüyümü görənlər mənim də nümayəndələrin tərkibinə salınmağımı təklif etdilər və mən də Milli Məclis rəhbərliyi ilə görüşmək üçün seçilmiş 6 nəfər nümayəndə ilə qəbul otağına getdim. Bizi o vaxtlar millət vəkili, Prezidentin müşaviri Arif Hacıyev qəbul elədi. Müzakirənin əsas mövzusu hələ də müvəqqəti məskunlaşmaq üçün yer tapmayan, aralıqda qalan əhalinin məskunlaşmasına dövlət səviyyəsində kömək göstərmək, qanuni-qanunsuz məskunlaşmış əhalinin məskunlaşdığı binalardan Laçın rayonu işğaldan azad olunanadək çıxarılmaması barədə əlaqədar orqanlara rəsmi göstəriş vermək, Laçını işğaldan azad etmək idi. Arif bəy toplantı iştirakçılarının bu tələblərinə anlayışla yanaşdı və bizdən xahiş etdi ki, bu gündən sonra qapıların sındırılaraq yeni mənzillərin özbaşına tutulmasına, xüsusilə də rusların mənzillərində məskunlaşmaya yol verilməsin. Bu faktlardan Rusiya bizim əleyhimizə istifadə edə bilər. O, məskunlaşmamış əhalinin boş yataqxanalarda, pansionatlarda yerləsdirilməsi və bu günədək məskunlaşmış əhalinin məskunlaşdığı mənzillərdən çıxarılmaması barədə əlaqədar dövlət qurumlarına göstəriş veriləcəyini dedi. Müzakirə olunacaq məsələlər bitdiyinə görə, ayağa qalxıb qəbul otağından çıxmaq istərkən Arif bəy bizə müraciət edərək soruşdu ki, kimin Laçına icra başçısı təyin olunmasını istərdiz? Sual hamı üçün gözlənilməz oldu. Hamı təəccüblə Arif bəyə baxdı.

- Sizə verəcəyimiz növbəti sualın üstünə gəlirsiniz.

- Bu, nağıllarda quş uçurtmaq məsələsinə bənzəyirdi (Gülür). Bizim üçün bu sual doğrudan da gözlənilməz idi. Sovet hakimiyyəti dönəmində rayon rəhbərliyi yuxarılar tərəfindən müəyyənləşdirilər, formal olaraq yerlərdə təsdiqlənərdı. Bizim Xanlar müəllimin işdən çıxarılacağı barədə də məlumatımız yox idi. Bir neçə nəfər Xanlar müəllimin yaxşı adam olduğunu, elə onun öz vəzifəsində saxlanmasını məqsədə müvafiq saydılar. Arif bəy dedi ki, indi yeni siyasi hakimiyyət iqtidara gəlib. Köhnə icra başçısı mütləq dəyişilməlidir. Bir neçə laçınlının adı çəkildi və mənim adım da bu siyahıya düşdü. Laçınlı nümayəndələr mənim uzun müddət rəhbər dövlət orqanlarında işləməyimi, həm laçınlıların məni, həm də mənim laçınlıları yaxşı tanıdığımı bildirdilər. Arif bəy müzakirəni dayandırıb adları çəkilən namizədlər barədə düşünəcəklərini deyib bizimlə xudahafizləşdi.

İki gündən sonra məni Prezident Aparatına çağırdılar. Prezident aparatında məni Ərazi İdarəetmə şöbəsinin müdiri, dövlət müşaviri A.Hacıyev və dövlət katibi P.Hüseynov qəbul etdi. Söhbətimiz çox qısa oldu. Arif bəy dedi ki, biz Bakı şəhərində yaşayan nüfuzlu və tanınmış laçınlılarla məsləhətləşmələr apararaq qərara gəlmişik ki, sizi Laçın rayonuna icra başçısı təyin edək. İstərdik ki, sizin bizim bu təklifə münasibətinizi eşidək. Dedim ki, Laçın rayonu yoxdur, işğaldadır, olmayan rayona necə icra başçısı qoyursunuz? Bunu anlamıram, hərə dağılıb bir tərəfə. Pənah bəy dedi ki, narahat olma, Laçının işğaldan azad olunması dövlətin vəzifəsidir və biz bu yaxınlarda Laçını da, Qarabağımızı da işğaldan azad edəcəyik. Sənin əsas vəzifən Laçın əhalisini öz yurd yuvalarına qaytarmaq və rayonun dağılmış infrastrukturunu qısa müddətdə bərpa etmək olacaqdır. Bu missiyanı yerinə yetirə biləcəksənmi? Onlarda belə bir fikir yaranmışdı ki, Laçın camaatını ora qaytarmaq çətindir. Elə bilirdilər ki, biz bir ucqar yerdən qaçıb gəlmişik, burada qalmağa bəhanə axtarırıq. Onları inandırdım ki, belə problem olmayacaq. Dedim ki, Laçın işğaldan azad olunandan sonra əhalimizin 90-95 faizi öz yurd-yuvalarına qayıdacaq, buna heç bir şübhəniz olmasın. İnfrastrukturun bərpası isə mənim üçün çətin olmayacaq, bu məsələni sizin köməyinizlə inşaallah həll edərik. Əsas məsələ Laçının işğaldan azad olunmasıdır. Sonra Arif bəy dedi ki, biz sənin Laçının icra başçısı kimi təqdimat mərasimini Ağcabədidə keçirmək istəyirik, necə fikirləşirsən, oradakı əhali səni qəbul edəcəkmi? Bildirdim ki, laçınlılar mənə qarşı hörmətsizlik etməzlər, arxayın olun, heç bir problem olmayacaq. Ertəsi gün Nazirlər Sovetinin sədr müavini Gülməmmədovla birlikdə vertalyotla Ağcabədi şəhərinə getdik. Ağcabədinin İcra Hakimiyyətinin akt zalında Laçının aktivləri toplaşmışdı. İcra başçısı rəhmətlik Xanlar müəllim, Rayon Sovetinin sədri Səlim müəllim və rayonun idarə, müəsissə rəhbərləri də orada idilər. Gülməmmədov tədbiri açıb Prezidentin fərmanını oxudu, mənə uğurlar diləyərək qarşıda duran vəzifələrdən qısa danışdı. Sonra Xanlar müəllim söz alıb mənim təyinatımın hamının ürəyincə olduğunu və lazımı köməklik göstərəcəklərini bildirdi. Səlim müəllim, digər çıxış eləyənlər də barəmdə xoş sözlər söylədilər. Axırda söz alıb dedim ki, bir neçə namizədin içərisindən mənim icra başçısı təyin olunmağımin bir əsası var, o da doğma Laçınımızın işğaldan azad olunması yolunda uzatdığım əli bu gün hamının tutacağına əminlikdir, bu da günümüz üçün ən önəmli məsələdir. Bakıdan gəlmiş qonaqları vertalyotla geriyə yola salıb rayonun Ağcabədidə yerləşən qərargahına gəldim. Qərargah üzvüləri ilə söhbət edib vəziyyətlə tanış oldum. Durum təsəvvür etdiyimdən dəfələrlə ağır idi. Gecə Ağcabədənin mənə tanış olmayan istisində çarpayıya uzanıb səhərədək “nədən başlayım?” sualı ətrafında düşünməyə başladım. Məndə olan məlumata əsəsən, cənubdan Laçının Cicimli-GüləbirdSuarası istiqamətindəki, şimaldan isə Şamkənd zonasındakı kəndlərimiz hələ isğal olunmamışdı. Birinci növbədə bu kəndlərin müdafiəsini möhkəmlətmək, ermənilərin hücumunun qarşısın almaq lazım idi. Bunun üçün isə respublikanın 60-dan çox rayonuna səpələnmiş əhalini axtarıb tapmaq, rayonun dağılmış infrastrukturunu bərpa etməkdən ötəri ayrıayrı rayonlara səpələnmiş idarə, müəsisə işçilərinin Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində işə çıxması lazım idi. Adətən iyun ayında arandan yaylağa köç eləməli olan mal-qara və qoyun-quzu sürüləri Ağcabədinin bu cırhacır istisində ortalıqda qalmışdı. Bu azmış kimi yaylaqda olan mal-qara və qoyun-quzu sürüləri də yaylaqdan qışlağa tökülmüşdü. Mal-qara və qoyun-quzu arasında qızdırma başlamışdı. Hansı vasitə iləsə yaylaq yeri alanlar isə mal-qaranı, qoyun-quzunu daşımaq üçün maşın tapa bilmirdilər. Sürücülər idarə etdikləri maşınlarına ailəsini, yorğan-döşəyini yığıb hansısa rayona aparmışdılar. Hələlik yerləri məlum deyildi. Doğma torpaqlarımıza təcavüz edən mənfur ermənilərin qarşısını almaq üçün isə səfərbərlik elan edib əli silah tutanları orduya cağırmaq lazım idi. Hələlik ümidimizi könüllülərə bağlamışdıq. Bunları fikirləşdikcə hansı yükün altına girdiyimi indi dərk edirdim. Bütün bu fikirlər altında dan yerinin ağardığını hiss etdim və yadıma bir lətifə düşdü: - Bir nəfər dəli olmuş inəyini bazara aparır. Başlayır inəyi tərifləməyə. Bir alıcı yaxınlaşıb inək yiyəsindən soruşur ki, qardaş, bu inəyin əgər dediyin kimi təriflidirsə niyə satırsan? İnəyin nöqsanını de, alım. İnək yiyəsi deyir ki, qardaş, əgər inəyi alsan bu gündən mənim çırağım sönəcək, sənin çırağın isə yanacaq. Alıcıya bu cavab xoş gəlir və inəyi alır. Gecə yatmaq istərkən görür ki, bu gün aldığı inək böyürür.
“Laçında “sənölümüz“, “mənölümüz”, “çörək haqqımız” qaldı” — Azər Məmmədov

Lampanı götürüb tövləyə gələn kimi inək səsini kəsir. Kişi qayıdıb yatmaq istərkən inək yenə böyürür. Çırağı götürüb tövləyə qaçır. İnək kişini görən kimi səsini kəsir. Beləliklə, kişi səhərədək lampanı yandırıb inəyin yanında oturur. Səhər dan yeri ağaranda inək satan kişinin inəyin nöqsanı barədə dediyi sözlər yadına duşur. Və kişinin nə dediyini indi anlayır. Dan yerinin ağardığını görüb mən də o vaxt anladım ki, rəhmətlik Xanlar müəllimin çırağını söndürüb, mənim çırağımı yandırıblar. Geriyə yol yox idi. İlk növbədə Güləbirdə getdim. Güləbirdli Vaqif könüllüləri başına toplayıb Güləbird, Cicimli, Qazıdərə, Suarası, Fərəcan, Xanalılar, Səfian və Türklər kəndlərini müdafiə edərək bu kəndlərə ermənilərin girməyinə imkan verməmişdi. Güləbird körpüsü üzərindəki “Bayatı” pavilyonu bu kəndləri müdafiə edən hərbiçilərin qərargahına çevrilmişdi. Vaqif Laçında qalıb vuruşan hərbiçilərin real vəziyyətdə komandiri idi. Mən Vaqiflə görüşüb ona yuxarıda sadaladığım kəndlərimizin ermənilər tərəfindən işğalına yol vermədiyinə, laçınlı könüllüləri başına toplayıb Laçın adına vuruşduğuna görə təşəkkür etdim. Güləbird istiqamətində vuruşan hərbi hissələrə hər cür köməklik göstərəcəyimi, onu bu hərbi qüvvələrə rəsmi komandir təyin etdirəcəyimi söylədim. Bakıya qayıdan kimi Vaqifin ətrafına toplaşıb Laçında vuruşan hərbiçiləri Qubadlıda yerləşən hərbi briqadanın tərkib hıssəsi kimi rəsmiləşdirdim və Vaqifi bu hərbi hissəyə komandir təsdiq etdirdim. Güləbirddən qayıdarkən yolüstü Qubadlıya döndüm. Qubadlıya yeni təyin olunmuş icra başçısı Baxış həkimlə görüşdüm. Güləbird istiqamətində Laçın kəndlərinin ermənilərdən müdafiəsi Qubadlı rayonunun təhlükəsizliyi üçün çox mühüm əhəmiyyət daşıyırdı. Ona görə də Baxış həkim mənim gəlişimdən cox sevindi və Laçın kəndlərini qoruyan hərbiçilərin Vaqifin rəhbərliyi ilə Qubadlıda yerləşən hərbi briqadanın tabeçiliyinə verilməsi onun da ürəyincə oldu. Cəbhə xətlərindəki vəziyyət barədə qarşılıqlı məlumat mübadiləsindən sonra Baxış həkim məndən soruşdu ki, bəs Xanlıq kənd məktəbində yerləşən laçınlı hərbiçiləri neyləyək? – Düzü, biz onları tərkisilah etmək üçün yollar axtarırıq, lakin bir az ehtiyat edirik. Kənd əhalisi onlardan çox narazılıq edir, təcili bu məsələni də həll etməliyik, - dedi. Mən, doğrusu, çaşıb qalmışdım, Xanlıq kəndində bizim hərbiçilərin olmasından xəbərsiz idim. Baxış həkimdən məsələnin nə yerdə olduğunu ətraflı öyrənib bu məsələni həll edəcəyimə söz verdim və təcili olaraq oradan Xanlıq kəndinə qayıtdım.

Məktəbdə 60 nəfərə yaxın laçınlı hərbiçi vardı, əsgərlər məni görüb toplaşdılar və çıxılmaz vəziyyətdə qaldıqlarını bildirdilər. Rəhmətlik Vaqif Salmanov hamını sakitləşdirib əvvəlcə məni Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmağım münasibəti ilə təbrik etdi, sonra isə vəziyyət barədə bildirdi ki, bizi nə Qubadlı hərbiçiləri aşağı, nə də Vaqif Güləbirdə buraxır, demək olar ki, mühasirə vəziyyətindəyik. Qubadlı camaatı bizə düşmən kimi baxır. Ərzağımız qurtarıb. Çox pis vəziyyət yaranıb. Yaxşı ki, gəldiniz, yoxsa bu vəziyyətin axırı silahlı münaqişə ilə nəticələnə bilərdi. Oradan birbaşa müdafiə nazirinin müavini general Bərşadlının yanına gəldim. Vəziyyəti danışdım. Onunla məsləhətləşib qərara gəldik ki, peşəkar hərbiçi, kapitan Tahir Süleymanova mayor rütbəsi verib (Tahir Naxçıvanski adına hərbi məktəbi və Rusiyada tank qoşunları üzrə ali hərbi məktəb bitirmişdi) Laçın alayına komandir təyin edək və onun rəhbərliyi ilə alayın Xanlıq kəndində qalmış hissəsini yenidən komplektləşdirib Kəlbəcər istiqamətində vuruşan hərbi briqadanın tabeçiliyində şimaldan döyüşə buraxaq. Güləbirdli Vaqifin rəhbərliyi ilə cənubdan Laçın istiqamətində döyüşən könüllü hərbiçiləri isə Qubadlıda yerləşən hərbi briqadanın tabeçiliyinə verib əlavə qüvvələr hesabına cənub istiqamətini möhkəmləndirək. General Bərşadlının məsləhəti ilə mən prezident aparatına gəlib, o vaxtlar prezidentin səlahiyyətlərini həyata keçirən İsa Qəmbərlə görüşdüm və general Bərşadlı ilə məsləhətləşdiyimiz təklifi ona danışdım. İsa bəy məni təmkinlə dinlədikdən sonra müdafiə naziri Rəhim Qazıyevə telefon açaraq təkliflərimi qısa olaraq ona söylədi və dedi ki, mənim fikrimcə, ağılabatan təklifdir. Rəhim Qazıyevə bu təklifi araşdırıb müvafiq tədbir görmək üçün tapşırıq verdi. Bakı şəhərində Bünyad Sərdarov küçəsində dəyərli şairimiz Malik Fərrux və onun qardaşı Əjdər İbrahimov Laçından Bakıya köçüb gələn köçkünlərin məskunlaşdırılmasına yardım üçün qərargah yaratmışdılar. Bu qərargahın əhalimizin Bakıda yerləşdirilməsində böyük rolu oldu. Mən də qərargaha getdim, əhalimizin məskunlaşdırılması ilə əlaqədar vəziyyətlə tanış oldum. İcra Hakimiyyətinin 2 nümayəndəsini qərargahda qoyub onlara əhalinin Bakı şəhərindəki boş binalarda, pansionatlarda və yataqxanalarda yerləşdirilməsi üçün qərargaha köməklik göstərmələrini, Bakıda və ətraf yaşayış məntəqələrində məskunlaşmış əhalinin siyahısını tərtib etməyi tapşırdım. Özüm həmin gecə Ağcabədiyə qayıtdım. Orada “aqraprom” rəhbərliyi və bir neçə təsərrüfat rəhbərinin iştirakı ilə mal-qaranın və qoyun-quzunun qış yataqlarından respublikanın işğal altında olmayan dağ rayonlarının ərazilərinə köçürülməsi üçün təcili təkliflər hazırlamalarını tapşırıb Kəlbəcərə yola düşdüm. Toğana kəndindən Murovdağın aşırımınadək yol boyu yurd-yuvalarını, ev-eşiklərini tərgidib həyatda qalmaq üçün ümidlərini dikdikləri mal-qaralarını qarşılarına qataraq təşviş və hüzn içərisində hara getdiklərini heç özləri də bilmədən asta-asta Gəncə istiqamətində hərəkət edən, sifətlərindən yorğunluqları aydın görünən laçınlılarla rastlaşırdıq. Rastlaşdığımız hər bir köçün yanında maşını saxlayıb onlarla hal-əhvallaşırdıq. Bəziləri məni rayonumuzun rəhbər işçisi, bəziləri isə memarı kimi tanıdıqlarından (onların mənim Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmağımdan xəbərləri yox idi) rayonumuzun rəhbərlərinin onları niyə taleyin ümidinə buraxmalarını, niyə kəndlərimizin mənfur ermənilər tərəfindən işğalına imkan verdiklərini hələ də başa düşmədiklərini bildirirdilər. Mən isə təsəlli verərək yaxın müddətə onların öz yurd-yuvalarına qaytarılacaqlarına ümid verməyə çalışır, bu yay mövsümünü mal-qaralarını, qoyunquzularını elə bu yaylaqlarda saxlamalarını tövsiyə edirdim. Bir çoxları artıq Murovun şimal yamacında özlərinə düşərgə yeri seçmiş, tezliklə Laçına qayıtmaq ümidi ilə buralarda gözləmək qərarına gəlmişdilər. Mən bu düşərgə yerlərini dəftərçəmdə qeydə alır və düşünürdüm ki, Ağcabədiyə qayıdan kimi bu insanlara ərzaq yardımı göndərim. Kəlbəcərə çatanadək gördüklərim və bu günahsız insanların yollarda başlarına gələn müsibətlər barədə mənə söylədiklərindən cox sarsılmışdım. Düşünürdüm ki, dünənədək dinindən, irqindən, milliyyətindən asılı olmadan qapısına tanımaza-bilməzə qonaq kimi təşrif buyuran hər kəsə (hətta erməniyə) öz son tikəsini verməyə hazır olan bu insanların, görəsən, günahları nədir?! Kəlbəcərə çatıb öz əməlləri ilə Laçınımıza həmişə hörmət, şərəf gətirən, ürəyi Laçınla döyünən eloğlumuz, o vaxtlar Kəlbəcər rayon prokuroru işləyən Muxtar Nəcəfovla görüşdüm. Muxtar müəllimlə birgə gedib Kəlbəcərlə Laçının sərhəddində yerləşən Ağ duzlaq aşırımına çıxdıq. Buradan Laçının əksər kəndləri çox aydın görünürdü. Görunən kəndlərin əksəriyyətində yenicə yandırılmış evlər tüstülənirdi. Təbiətın yaratdığı bu gözəlliyə və bu gözəllik içərisində min bir zəhmət hesabına tikilib başa gəlmiş evlərin yanmasına baxmaq çox ağır idi. Muxtar müəllim bu mənzərəyə dözə bilməyib kövrəldi və gözləri yaşardı. Doğrusu, mən də Muxtar müəllimə baxıb kövrəldim və mənim də gözlərim doldu. Biz dayandığımız yüksəkliyin yaxınlığındakı çadırdan bir nəfər silahlı polis işçisi çıxıb bizə tərəf gəldi. O bizə yaxınlaşanda onu kənardan tanıdım. Mən Şəhər İcraiyyə Komitəsinin sədri işləyəndə kommunal təsərrüfatı idarəsində qaynaqçı işləyirdi. Laçın şəhərinin abadlaşmasında çox böyük zəhməti vardı. Sonralar məlum Qarabağ hadisələri başlayandan isə Laçın polisinin ən ağır döyüşlərində həmişə ön sırada duranlardan idi. Horadiz istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak oldu. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ruhu şad olsun! İsrafillə görüşdükdən sonra o bir neçə laçınlı polislə kəşfiyyat məqsədi ilə burada olduğunu, Zabux körpüsünədək gedib kəşfiyyat apardığını bildirdi - “Ay Azər müəllim, bir az qüvvə olsa biz gedib Laçına girə bilərik”. Mən də - “Qüvvə gəlir, möhkəm durun, qüvvə gəlir. İnşallah, səninlə birgə Laçına girəcəyik” - dedim. Kəlbəcərə qayıdıb rayon rəhbərliyi ilə və orada yerləşən hərbi briqadanın komandiri polkovnik Zaur Rzayevlə görüşdüm. Vəziyyət barədə xeyli söhbət etdik. Laçın hərbi alayının və Laçın polis batalyonunun onun briqadasının tərkibində şimaldan Laçına girmək barədə yuxarılarla razılaşdırılmış təkliflərimiz ürəyincə oldu. Zaur müəllim mənə bildirdi ki, Laçın əhalisinin bir hissəsinin Kəlbəcərdən gəlib keçməsi buranın camaatında da xeyli xof yaratmışdı. Çox çətinliklə bu xofu aradan qaldırıb Kəlbəcər əhalisinin köçməsinin qarşısın ala bilmişik. İndi sizin bura gəlməyiniz, xüsusilə də Laçın döyüşçülərinin, polislərinin bura gəlməsi Kəlbəcər əhalisinin bizə inamını daha da artıracaq. İlk növbədə Laçın polisi Akif Səlimovun rəhbərliyi ilə Ağ duzlaq aşırımından Kəlbəcər üzdə yerləşən yol evində toplaşdı. Sonra Laçın ərazisinə keçib Qorçu kəndində döyüş qərargahı yaratdı. Bu qüvvələr şimal istiqamətindəki bir neçə kənddən erməniləri qovub çıxardaraq mövqelərini möhkəmləndirməyə başladı. Bir neçə gündən sonra isə pesəkar zabit heyəti ilə təmin olunmuş, əksəriyyəti laçınlılardan ibarət komplektləşdirilmiş hərbi alay Kəlbəcərə gəldi. Biz bu alayı Zülfüqarlı kəndindəki məktəb binasında yerləşdirdik. Zaur Rzayev mənə dedi ki, briqadada bu alayı silahlandırmağa ehtiyatımız yoxdur. Bildiyimə görə, müdafiə naziri Rəhim Qazıyev Gəncədədir. Mən texnika üzrə müavinimi göndərirəm Gəncəyə, xahiş edirəm ki, sən də Gəncəyə gedib bura topladığınız əsgərləri silahlandırmaq üçün ondan silah alasan. Mən səhər tezdən Murovdan aşıb gəldim Gəncəyə. İcra Hakimiyyətində mənə dedilər ki, Rəhim Qazıyev bura gəlməyib, qonaq evində qalır. Getdim qonaq evinə, orada hərbi nazirin müavini polkovnik Baba Nəzərli (sonradan həbs olundu) ilə görüşdüm. Yaşlı adam idi, tanışlıq verdim ki, mən Laçının icra başçısıyam, nazirlə görüşmək istəyirəm. Dedi ki, nazir Goranboy tərəfdə döyüş bölgəsinə gedib. Gəlməlidir, gözlə. Elə onunla qonaq evində axşamadək Rəhim bəyi gözlədim. Axşam saat 9-10 radələrində R.Qazıyev gəldi. Yanında bir polis polkovniki də var idi, mən onu tanımırdım. Baba Nəzərli məni onlara təqdim edib dedi ki, Azər müəllim Laçının icra başçısıdır, təzə təyin olunub. Onlarla görüşüb gəlişimin məqsədini çatdırdım: - Rəhim bəy, bir xeyli laçınlı toplayıb yeni alay komplektləşdirmişik, komandirləri, serjant heyəti peşəkar zabitlərdir. Polkovnik Zaur Rzayev mənə deyir ki, alayı silahlandırmaq üçün onda ehtiyat silah yoxdur. Briqadanın texnika üzrə müavininə etibarnamə verib mənimlə bura göndərib. Xahiş edirəm ki, onlara silah verəsiniz. Dedi: - Nə silah, ayə, Arif Paşayevə verdiyim silahaları qaytarıb dənəsinə kimi verməsəniz, mən laçınlılara silah verməyəcəm. Əsəbiləşdim, - Sizin Arif Paşayevə verdiyiniz silahın bura nə dəxli var, söhbət torpağın azad olunmasından gedir, mən icra başçısı kimi cavanları yığmışam ora ki, silahlanmalıyıq, torpaqlarımızı düşməndən azad etməliyik. Dünən Arif Paşayevə nə vermisən o ayrı məsələdir, onu qatma bura. O da bozardı: - Bəy, çox uzatma, dedim ki, laçınlılara silah verməyəcəm, icra başçısısan get öz işinlə məşğul ol, hərə qoltuğuna bir papka vurub gəlib burda mənə ağıl öyrətməsin, oranın kambriqi var, mən varam, o bilər, mən bilərəm. Bu “papka” məsələsi məni bir az hövsələdən çıxartdı, - Rəhim bəy, mən Laçının icra başçısıyam, Laçın da işğal olunub, yəni işğal olunmuş ərazidə mən başçılıq eləyə bilmərəm. Gəncə yerindədir, Bakı yerindədir, onların başçısı var, mən isə yanınıza gəlmişəm ki, torpaq azad olunmalıdır. Laçını azad elə, ondan sonra mən sənin yanına gəlsəm ayrı məsələ. Mənim papkamın bura nə dəxli var?” Vəziyyət elə alındı ki, bir-birimizin üstünə dartındıq, onun cangüdənləri məni saxladılar. Polis polkovniki qolumdan tutub məni kənara çəkdi – “Mən Eldar Həsənovam, Gəncənin polis rəisiyəm, özüm də Kəlbəcərin Laçın kəndindənəm. Rəhim bəyin döyüş bölgəsində planı var idi, alınmadı, bir az itkimiz çox oldu, döyüşdən dilxor qayıdıb, onun bu hərəkəti döyüşdəki vəziyyətin təsirindəndi. Sənə silah lazımdırsa təşkil edərəm”.

“Mənə yox, orduya lazımdır. Texnika üzrə kambriqin müavini etibarnaməsi əlində maşında gözləyir” – dedim. “Lap yaxşı, sabah gəl yanıma, onu da gətir. Nə qədər silah lazımdır alıb verim, bu söhbəti qutar”. “Elə mənim də istəyim budur, dalaşmağa gəlməmişəm ki.” Beləcə ayrıldıq.

- O silah verildi, yoxsa yox?

- Səhərisi getdim yanına, doğrudan da nə qədər silah yazılmışdı hamısı verildi. Eldar Həsənov sağ olsun, kömək elədi. Silahlanmış hərbi hissə Laçın ərazisinə keçdi.

- Azər müəllim, döyüş yollarından, xatirələrdən acı da olsa danışdıq. 20 illik bir zaman məsafəsi ayırır bizi Laçınlı günlərdən. O vaxt hadisələrin içində olan adam kimi hansı hissləri keçirirsiniz?
“Laçında “sənölümüz“, “mənölümüz”, “çörək haqqımız” qaldı” — Azər Məmmədov

- Açığı təəssüf hissi keçirirəm. Burda yaşamağı özüm üçün həyat hesab eləmirəm. Mən şərəfli yaşamağı, şərəfli ölməyi bu şəkildə yaşamaqdan üstün tuturam (Hələlik bu üstünlükdən də məhrumuq). Tez-tez torpaqların sülh yolu ilə azad edilməsindən danışırlar. Bu yolda qan tökülmür, cavanlar ölmür, ancaq mən fikirləşirəm ki, torpaqlarımız döyüşsüz alınsa, gedib orda yaşasaq, ömrü boyu gözükölgəli qalacağıq ki, bizi qovub çıxartdılar, sonra da icazə verdilər ki, gəlin yaşayın. Hisslər deyəndə... Laçındakı o təpər, Laçındakı o məğrurluq, Laçındakı o qürur yaddaşımızın silinməyən səhifələridir. Mübariz (“Azad hüquqşünas” qəzetinin təsisçisi) mənə bir sual verdi ki, Laçında nəyimiz qaldı? Cavab verdim ki, Laçında “sənölümüz“ qaldı, Laçında “mənölümüz” qaldı, Laçında “çörək haqqımız” qaldı, Laçında böyük-kiçikliyimiz qaldı, Laçında haqq-ədalətimiz qaldı. Nəyimiz qalmadı ey Laçında? Laçın Laçın idi... İtkilərimizin maddi tərəfini də deyim. Döyüş vaxtı Laçına başqa rayonlardan, əsasən də aran rayonlarından olan zabitlər gəlmişdi. Onları Laçının müxtəlif kəndlərində yerləşdirmişdik, qaldıqları evin böyüklüyünə baxıb təəccüblənirdilər. Laçın son dövrlər sosial-iqtisadi cəhətdən xeyli inkişaf etmişdi. Tək-tək evlər tapılardı ki, hamamı olmasın. Zabitlər mənə deyirdilər ki, biz Laçını ucqar, geridə qalmış bir rayon təsəvvür edirdik, fikirləşirdik ki, adamlar damlarda yaşayırlar. Ancaq indi dağın başında tikilən bu gözəl evlərə, evlərdə yaradılan şəraitə, bağlardakı mermeyvəyə baxanda yanıldığımızı anladıq. Laçın doğrudan da sürətlə inkişaf eləmişdi. Laçında hələ o vaxtlar simsiz, hava xətti ilə işləyən ATS-lər vardı, əksər kəndlərə avtobus marşrutları açılmışdı, su çəkilmişdi. Məktəblər, baxçalar, kitabxanalar son dövrdə xüsusilə inkişaf etmişdi. Laçın respublikanın ən inkişaf etmiş rayonlarından biri idi, bizim camaatın yaşayış səviyyəsi də yuxarı idi.

…Bir rusun Laçın haqqında dediklərini xatırlayıram... Tofiq Nəcəfov ispalkomun sədri, mən memarlıq şöbəsinin müdiri idim, sarı rəngli köhnə bir “UAZ”-ım vardı, ispalkomdan vermişdilər. Tofiq müəllim məni yanına çağırıb soruşdu ki, Azər, Qaragölə gedə bilərsən? Cabbarovun bir rus dostu var, indi Qaragöldədir, onu gətirmək lazımdır. Səhərdən “UAZ”-ı olan müdirləri axtarıram, heç kimi tapa bilmirəm. Birdən elə sənin maşının ağlıma gəldi. Maşının ora gedib gələ bilər? Dedim ki, narahat olma, mən xəritəyilə işləyirəm. Gedib çıxdım Qaragölə. Orda bizim yaylaqlara su vurmaq üçün bir nasos stansiyası var idi. Stansiyanın içində balacaboy rusla 3 yekəpər erməninin mübahisə etdiyini gördüm. Elə bil bu rus azərbaycanlıların müdafiəçisi idi. Bizim dağların adını çəkirdi: bu Keçəl dağdır, bu Cilli göldür, bu filan bulaqdır. Gördüm ki, rus bizim təəssübkeşimizdir. Ermənilər o qədər də savadlı deyildilər, öyrəndim ki, gölün qoruqçularıdır. Baxdım ki, söhbət uzanır. Rusa dedim ki, gəlmişəm sizi aparmağa. Gəlib oturdu maşına. Yol boyu o, söhbət edir, mən qulaq asıram. Hiss elədim ki, bu adam dəryadır, dünyanın hər bir tərəfindən danışır, gəzib, görüb. Məlum oldu ki, o, “Yunost” jurnalında çalışır. Unutmuşam, ya redaktoruydu, ya da redaktorun müavini. Aramızda səmimi bir dialoq başlandı: “Siz dünyanın çox yerlərini gəzmisiniz, istirahət eləməyə yer tapmadınız, gəlib çıxmısınız dağların kəlləsinə, vəhşı təbiətə?”. “Yox-yox, Siz məni düzgün başa düşməmisiniz, istirahətə gəlməmişəm, türkoloqam. Süleyman Rəhimovun əsərlərini, hal-hazırda “Saçlı” romanını tərcümə edirəm. Bu romanı oxuyanda tərcüməmin yaxşı alınması üçün gəlmişəm Qaragölə. Tərcüməylə bağlı bəzi məsələlər var, onları aydınlaşdırmalıyam. Bilirsən ki, S.Rəhimov da burada işləyib, əsərin əsas mövzusu da buralarla bağlıdır.” “Tərcümədən ötrü lüğət var, onu qoy qarşına, elə də, bu dağın kəlləsində nə var?” “Elə alınmaz, görürsən ki, görkəmim də yoxdur, balaca bir rusam. Qaragöldən düşüb piyada gedirəm Əhmədli kəndinə. Görürəm ki, kəndin içində camaat ağacdan, kötükdən stul düzəldib oturub sıra ilə, mən ora çatanda hamı ayağa durur, salam verir, bir yer göstərirlər. Mən də otururam, soruşurlar ki, kimsən, nəçisən, burda nə gəzirsən? Deyirəm ki, qonağam, məni təkidlə evə dəvət edirlər. Maraq üstün gəlir, razılaşıram, biri məni aparır evinə. Baxıram ki, balaca bir evi var, təzə evlənib, gənc ailədir, çatan kimi ya bir quzu, ya da bir hinduşka kəsir. Bu balaca evdən nələr çıxmır stolun üstünə: bal, yağ, qaymaq, nələr-nələr və o kəsdiyi hinduşkanın, yaxud quzunun ən yaxşı tikələri mənim qabağıma gəlir. Hələ bir böyrümdə-başımda hərlənirlər ki, nəsə çatmaz. Elə bil Avropanın 5 ulduzlu otellərindəyəm. Sonra da deyir ki, bəs gecdir, Qaragölə getmək olmaz, qal. Mənim də fikrim var ki, qalım, bunların məişətini, adət-ənənələrini yaxından öyrənim. Baxıram ki, bu adam özünün ən yaxşı döşəyini, ən yaxşı yatağını mənə verdı. Qadınlar gedib haradasa qaldılar. Kişi, oğlu çarpayını mənə verib özləri yerdə yatdılar, əslində mən bunların heç nəyiyəm. Səhər sakitcə dururlar ki, qonaq narahat olmasın. Səhər çörəyi verməmiş yola salmırlar. Sonra ev yiyəsi deyir ki, buradan ora piyada getmə, yoxuşdur. Məni mindirir atına, oğlu isə yanımda piyada gedir. Mən bunları həyatda görürəm. Dünyanın ən sivil milləti almanlar sayılır, ən mədəni insanlar almanlardır. Hörmət etdiyinin yanına get, çörək yeyirsə başını qaldırmaz, işarə edər ki, gözlə. Qurtarandan sonra gəlişinin səbəbini soruşar, desən ki, pulum yoxdur, yerim yoxdur, qalmağa bir yer axtarıram, uzağı mətbəxə bir odeyal atar ki, orda yat. Heç vaxt alman öz yerini, öz tikəsini başqasına verməz. Başqa kəndlərdə də xoş münasibətlə qarşılaşıram. Bu insanların mənəviyyatının ən yüksək dərəcəsidir, yəni sizin camaat o qədər inkişaf edib ki, özünün ən yaxşı tikəsini tanımadığı qonağa verir, insanlığını qoruyur. Bütün insanlar sizin kimi hərəkət eləsə, sizdən öyrənsə, bilirsən dünya nə gözəl olar? Müşahidə etmişəm ki, yerə düşmüş çörəyi hətta uşaqlar belə yerdən götürüb əl çatmayan yerə qoyur ki, ayaq altına düşməsin. Çörəyin yerdən götürülməsi sizin üçün adidir, mən isə fikirləşirəm ki, buğda nə zəhmətlə əkilir, becərilir, biçilir, axırda çörək olur. Yerə düşən o tikə nə qədər buğdadan əmələ gəlib. Sizin bax o çörəyi yerdən götürüb, öpüb gözünüzün üstə qoymağınız əməyə, zəhmətə verilən qiymətdir. Amma bizimkilər “buxanka”nı aparıb atır zibil yeşiyinə (Sən görən babalar ölüb. İndi bizimkilər çörəyi zibil yeşiyinə atmaqda sizinkiləri ötüb - A.M.). “Saçlı” romanında oxuduğum “ çörək haqqı” andının mənası mənə indi çatır. Bir adam kiməsə “sənöl” deyirsə mütləq arxasında dayanmalıdır. Sizin “sənöl”ünüz, “mənölüm”ünüz ən müqəddəs anda bərabərdir. Ağızdan çıxdısa əməl olunmalıdır. Öyrəndiklərimi öz xalqıma çatdıra bilsəm, bu mənim üçün böyük bir xidmətdir. Fikirləşərəm ki, həyatım hədər getməyib. Azərbaycan xalqı çox gözəl xalqdır, çox qonaqpərvər xalqdır və Azərbaycan xalqının qaymağı burdadır, bax bu dağların başında. Mən elə ona görə gəlib bura çıxmışam.” Onu demək istəyirəm ki, bax o dəyərlərimizin çoxu Laçında qaldı...

- Əslən Laçından olub Laçını görməyən nəsildə Laçın sevgisi yaratmaq üçün orta və yaşlı nəslin üzərinə hansı vəzifələr düşür?

- Bir epizod deyim, dayıoğlum Vüqar Novruzov Moldovada Azərbaycan diasporunun sədridir və oranın əmək qəhrəmanı adını alıb. Bu yaxınlarda Prezidentimiz tərəfindən “Tərəqqi” medalına da layiq görülüb. Bütün varlığı ilə soy-kökünə, adət-ənənəmizə bağlı bir insandır. Bir dəfə Bakıya gələndə onun kiçik yaşlı oğlundan soruşdular ki, hardansan? Dedi ki, Hoçazdanam. Hoçazı tanımayanlara izah etməli olduq ki, atababa kəndini nəzərdə tutur. Yəni hər şey insanların ailələrindən, bizdən asılıdır. Uşaqları gərək Vətənə məhəbətlə, Laçın sevgisi ilə böyüdək. Bu bizim ən azı vətəndaşlıq borcumuzdur. “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “Laçın və laçınlılar” qrupu məndə böyük inam hissi yaradır, halal olsun o gənclərə, böyük iş aparırlar. Az-az laçınlı tapılar ki, onun ailəsində uşaq Laçını tanımasın. Bizim Laçındakı tərbiyəmiz, Laçın sevgimiz uşaqlara da keçib. Bu sevgi, bu ruh qanla, genlə gəlir.

- Söz sözü çəkdi. Danılmaz həqiqətdir ki, insanların həyatında dövlət strukturlarında çalışan şəxslərin rolu böyükdür. Siz artıq o mərhələni keçmisiniz. Məmurlar necə işləməlidirlər ki, sıravi vətəndaşlar onlardan razı qalsınlar?

- Qorbaçovun hakimiyyəti dövründə Laçında bir mitinq var idi. Video kaseti durur məndə. Mən şəhər icraiyyə komtəsinin sədri kimi çıxış elədim. Vəzifədə olsam da, fikirlərimi sərbəst dedim. Əgər insanları vəzifəyə seçki ilə xalq gətiribsə, istər-istəməz o adam məcburdur ki, xalq üçün işləsin. Fikirləşəcək ki, xalq üçün işləməsə seçilməyəcək, mütləq işinə məsuliyyətlə yanaşacaq, qanunlara əməl edəcək, çalışacaq ki, ədalətli olsun. Amma bu gün vəzifə adamları təyinatla işləyirlər. Kimisə yuxarıdan təyin eləyirlər və xalqın iradəsindən asılı olmayaraq istənilən vaxt çıxardıb vəzifədən atırlarsa, xalq da heç nə eləyə bilmirsə, onda həmin vəzifə adamları xalqa işləmir, onları o vəzifəyə gətirənin qanuniqanunsuz, haqlı-haqsız göstəriş və əmrlərinin müti icraçısı olurlar. Ümumiyyətlə, bizdə seçki məsələsi önəmlidir, millət vəkilini xalq seçsə, o, xalqa xidmət eləyəcək.

- Niyə insan vəzifədə olanda eqoistləşir? Bəlkə bunun biz bilməyən tərəfləri var. Deyirlər ki, vəzifə insanları tez dəyişir.

- Laçında rayon icraiyyə komitəsində işləyirdik. Səyyaf Məmiyevi (indi Laçın Rayon İcra Hakimyyəti başçısının müavinidir) rayon komsomol komitəsinin birinci katibi təyin etmişdilər. Gəlmişdi icrakomun sədrinin yanına. Səlim müəllim onu yeni vəzifə münasibətilə təbrik eləyib dedi ki, Səyyaf müəllim, sən indi ta böyük bir səlahiyyət sahibisən, gənclərin rəhbərisən. Gedib çayxanada oturmağı, məktəb yoldaşlarınla gün keçirməyi yığışdır, vəzifəyə, özünə hörmət elətdir. Dedim ki, Səyyaf, ağlın olmaz, birdən bunları eləyərsən ha. İndi xalqın daha çox içərisinə gir, get fəhləylə də, dost-tanışla da otur. Səlim müəllim qayıtdı ki, ə ta sənə sözüm yoxdur, çox sağ ol, Azər. Bilirsiniz, insanlarda belə fikir formalaşdırılıb ki, vəzifə stoluna keçən kimi xalqdan ayrılmalısan, bircə o idarədə oturanlara salam verməlisən, onlarla oturub-durmalısan. Laçına çox rəhbərlər gəlib. Eləsi olub ki, heç bizə salam da verməyib, salam verməyi özünə yaraşdırmayıb. Məsələn, Əhəd Kərimov yadımda çox mədəni, savadlı, səmimi bir insan kimi qalıb. Yaqub Məmmədov isə çox qaraqabaq, insanlarla ünsiyyətdən uzaq adam idi. Yüksək vəzifədə işləyən şəxslərin davranışı, hərəkətləri, sözü ilə əməli arasındakı uyğunluq, xüsusilə özündən vəzifəcə aşağı insanlara münasibəti onun tutduğu yüksək vəzifədən çıxandan sonra özünü göstərir. Vəzifə daşıdığı vaxt insan özündən aşağılara nə qədər çox yuxarıdan baxırsa, vəzifədən gedəndən sonra bir o qədər çox kiçilir, aşağıya düşür.

- Laçınlıların ən böyük problemi, sizcə, nədir?
“Laçında “sənölümüz“, “mənölümüz”, “çörək haqqımız” qaldı” — Azər Məmmədov

- Milli Məclisə son seçkilərdə laçınlı namizədlərin çıxışlarından çox razı qaldım. Şər-böhtan kampaniyası aparmadılar, bir-birilərini yıxıb-sürümədilər. Söylədiklərimin sualınıza birbaşa aidiyyatı var. Sevindirici haldır ki, artıq laçınlıların mədəni, sivil qaydada bir masa ətrafında hansısa məsələni müzakirə etmək problemi yoxdur. Siyasi mənsubiyyətindən asılı olmayaraq bütün laçınlıların bir yerə toplanması ilk növbədə qayıdış üçün çox önəmlidir. Kapital dünyasının təzyiqlərindən qorunmağa güc tapmalıyıq. Laçınlılığımızı yaşatmalıyıq, əriyib getməməliyik. Bu, yerlibazlıq deyil, hələ dədə-baba torpaqlarına qayıtmaq ümidini itirməyən əhalinin ayaq üstə qalması baxımından vacibdir. Əslində problemsiz həyat yoxdur. Biz saysız-hesabsız çətinliklərə sinə gərmişik. Ümidvaram ki, bundan sonra da problemlərimizlə mübarizəyə qadirik. Ancaq ən böyük problemimiz Laçına qayıtmaqdır. Allah bu problemimizi həll etmək üçün bizə qüvvət, birlik versin. - Amin!

Arif MƏMMƏDLİ
Laçın yurdu - №2(2), 2011










SON XƏBƏRLƏR
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı
Adnan Oktarın böyük qardaşı da saxlanıldı
Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
“Anamın göndərdiyi pulla dolanıram” – Saakaşvili
SƏFƏRİ MƏNİM MƏCLİSİMƏ GƏTİRMİŞDİLƏR
"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"
Kərəm Həsənov qanunsuz tikililərlə bağlı tapşırıq verdi
“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”
Bu müəllimlərin maaşı artırılacaq - RƏSMİ
Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"
DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)
Bakıda Mikayıl Müşfiqin qalıqları tapıldı
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib
Türkiyədə antitteror əməliyyatı: 18 terrorçu məhv edildi
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar