Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI


Tarix:19-09-2018, 13:59 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZIAMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)


Nəcəf bəy Vəzirov 1890-cı illərdə qələmə aldığı digər pyeslərində də cəhalətə, avamlığa qarşı mübarizə apararaq millətin və dinin adına yapışdırlan xoşagəlməz “adətləri, “mərasimləri” tənqid etmişdir. Məsələn, “Dalldan atılan daş topuğa dəyər” pyesində sehr, caduya inanan Xırda xanımları, Nurcahanları tənqid etmişdir. Belə ki, bəy arvadı olan Xırda xanım dərvişin sehr, cadusu ilə təhsilsiz olan qızını cavan bir həkimə ərə vermək istəyir, üstəlik oxumuş qızları da bəyənmir. Ancaq onlardan fərqli olaraq Vəzirovun müsbət obrazı olan İskəndər bəy isə təhsil görmüş bir həkimdir. İskəndər bəyin və müəyyən anlamda da Dəli Şirinin obrazında Vəzirov dini xurafat və dini mövhumatın tənqidini vermişdir.

“Yağışdan çıxdıq, yağmura düşdük” pyesində də Vəzirov əsas diqqəti müsəlmanların öz dinlərindən, milli törələrindən xeyli dərəcədə uzaqlaşıb cahilləşməsinə yönəltmişdir. Əsərin müsbət qəhrəmanı olan Əşrəf bəyin dilindən Vəzirov deyirdi ki, peyğəmbərimizin dediyi kimi, müsəlman müsəlman qardaşına dəstək olmalıdır, amma hazırda müsəlman müsəlmana badalaq gəlməklə məşğuldur. Ona görə də, bütün müsəlman dünyası zülmət içindədir. O yazır: “Adını müsəlman qoyan üçün dünyada hər bir dərdlərdən acı odur ki, hansı din qardaşımıza rast gəlirsən, onda mürüvvət, rəhm, məhəbbət nişanələri bilmərrə görünmür və halonki Həzrət Rəsul əleyhüssəlam buyurubdur ki, Məğribdəki müsəlmana iynə batsa, Məşriqdəki gərək onun ağrısın bilsin... Bu saat yer üzündə nə qədər müsəlman var, həmən zəlalətdədirlər... Səbəb? Ehkami-şəriət bilmərrə yaddan çıxıb... Elm yox, tərbiyə yox, ədəb yox... Hər bir qədəmdə vəhşi nadanlıq, adam öldürmək, qan tökmək, yalan demək... Sübut? Tamaşa edin, divanxanalar qapısında qoyun sürüsü kimi boyun-boyuna büzülüb yığılan kimdir? Müsəlman! Bir-birinin canına-malına düşmən kimdir? Müsəlman! Bu çolaq, çiyni düşük, dilənçi kimdir? Sərgərdan, əli qoynunda neyləyim deyən kimdir? Ah! Yazıq, bədbəxt, biçarə müsəlman!.”.

Eyni zamanda, Əşrəf bəyin dilindən Vəzirov deyir ki, Avropada bir oğlan biri qızı sevəndə ürəyini ilk növbədə ona açması orada ədəbsizlik sayılmır, nəinki müsəlman ölkələrində: “Avropa əhlinin bu qaydası yaxşıdır ki, oğlan öz xahişini qıza qandırır, qız da elə ata-anasına məlum eləyir, cavab çıxır: bəli, ya xeyr. Vəssalam!.. Bizim işimiz çətindir. Mənim əlacım ona qalıbdır ki, özüm mərd-mərdana deyim; hərçənd utanıram, həya eləyirəm”. Deməli, Vəzirov da ailənin qurulmasının qarşılıqlı münasibətlər əsasında olmasını vacib hesab etmiş, üstəlik qadınlarmızın son zamanlarda düşdüyü vəziyyətə haqq etmədiyinə inanmışdır. Hər halda onun qadın obrazlarının dilindən deməsi ki, rus-Avropa təhsili görmüş kişilər artıq türk arvadlarını bəyənmirlər, bu təsadüfi ola bilməzdi.

Bu onun nəticəsi idi ki, bir yanda müsəlmanlıq adı altında milli dəyərlərmizdən, eyni zamanda əsil islam qayda-qanunlarından uzaqlaşdığımız kimi, yeni dövrdə də zahirən ruslaşmağa-avropalaşmağa qədəm qoymuşduq. Bunu, “Nə əkrəsən, onu biçərsən” pyesində Nurcahanın dilindən Vəzirov belə ifadə etmişdir: “Neçə gün bundan əqdəm getmişdim Ağa Cəfərgilə, girdim otağa, gördüm onun arvadı Gülbacı Rusiyət libasında öz-özünə danışır: “Razdivay pajalskə”. Soruşdum, a qız, dəli olubsan nədir? Nə danışırsan? Dedi neyləyim, başına dönüm, Nurcahan xala? Əmi oğlu evə gələndə deyir ki, türk arvadları bircə qara quruşa dəyməzlər, özləri pinti, libasları yaraşıqsız, üstlərindən pis iy gəlir... Gedirsən xarici qızlarının yanına, adama elə naz-qəmzə edirlər ki, adamın ağlı başından çıxır”. Başqa bir yazısında da Vəzirov bu məsələyə toxunaraq bildirirdi ki, nəinki rus-Avropa təsiri altında olanlar, eləcədə digər bəzi müsəlman kişilər də rus qadınlarına uyaraq ailələrini dağıdırlar.

Gördüyümüz kimi, N.Vəzirov da A.A.Bakıxanov, H.Zərdabi, S.Ə.Şirvani və başqa milli ruhlu mütəfəkkirlərimiz kimi, Azərbaycan xalqının nicatını sonunda milli-dini dəyərləri aşağılamadan yeni dünyanın üsul və qaydalarını mənimsəməkdə – dünyəvi elmlər öyrənməkdə, yeni məktəblər və tibb ocaqlarının yaranmasında, qəzetlərin nəşrində görmüşdür. Bu yolda isə Vəzirov islamı dinini və milli dəyərləri nəinki əngəl kimi görmüş, əksinə həm islam dininin, həm də milli dəyərlərin mütərəqqi tərəflərinin olmasını, ancaq müsəlmanların-türklərin bundan uzaq salındığını dəfələrlə qeyd etmişdir. Bu isə o deməkdir ki, N.Vəzirov heç də bəzilərinin yazdığı kimi M.F.Axundzadənin ateizmini davam etdirən inqilabçı-demokrat deyil, o, millətini sevən, islama hörmət edən bir mütəfəkkir olmuşdur.

Yeri gəlmişkən, Vəzirovun əsas yaradıcılığı 19-cu əsrin ikinci yarısı ilə bağlı olsa da, ancaq qismən 20-ci əsrin əvvəllərində də ictimai-maarifçi baxışlarına uyğun bəzi məqalələr və pyesləer yazmışdır. O, XX əsrin əvvəllərində «Həyat», «Tazə həyat», «İrşad», «Yeni İrşad», «Açıq söz» və b. qəzetlərdə nəşr olunan məqalələrində ictimai-maarifçi dünyagörüçündə millətin istiqbalı məsələsinə diqqət yetirmşdir. N.Vəzirov yazırdı ki, sözdə millətpərəstlikdən, insanpərvərlikdən, müsəlmanlıqdan əl çəkib, millətin birliyi və vətəninin azadlığı uğrunda çalışmaq lazımdır: “Millətpərəstlikdən, vətəndaşlıqdan dəm vururuq qaraca qəpikdən ötrü, qoçuluq edirik genə o qəpikdən ötəri?! Yalandan Quranamı, kitabamı and içmirik o qəpikdən ötəri”.. N.Vəzirov yazır ki, onun üçün ən böyük problem müsəlman qardaşlarının cəhaləti, avamlığı, nadanlığı, bir sözlə millətin dərdidir. O ümid edirdi ki, 1905-ci il inqilabı türk millətinin də oyanışına səbəb olacaq və millətin varlıları məktəblər, xeyriyyə cəmiyyətləri, milli təşkilatlar və qəzetlər yaradacaqlar. Bununla da müsəlmanlar tərbiyələnər, elmlənər, millət dərdi çəkər, soydaş və dindaşlarını aldatmaz.

Vəzirov “Həyat” qəzetində (1905) dərc olunan başqa bir məqaləsində yazırdı ki, atrıq müsəlmanlar-türklər də “mənəm, mənəm”likdən əl çəkub elm haqqında düşünüb, bu dünyada cəhalət nəticəsində məhv olmağın çarəsini tapmalıdırlar. O, yazır: “A kişi, kərbəlayı, bir qəribə, yüz il cürəbəcürə işlərə düçar olub xabi-qəflətdə, cəhalətdə qalıb, indi zülmatı gözləyirik. Cəmi məxluqdan geri, avara, sərgərdan. Bu müsibətlərin aqibəti hər bir qədəmdə sübut: yerindən qalxan “mənəm, mənəm” deyib, girib meydana əində xəncər, belində pişto (revolver), gün keçmir cavan cavan dalınca yox olur və necə oğlanlar! Məgər bu müsibət deyil? Məgər belə ruzigar həmin cəhalətin meyvəsi deyil? Bu gecə vaqiədə, kərbəlayı, qalqmışdım asimana, səslənirdim: müsəlman! Xabi-qəflət kifayətdir, rəhminiz gəlsin övladnıza. Zəmanə elm-tərbiyə zamanıdır, insaniyyət zamanıdır. Qoymuyunuz övladınızı cəhalətdə qeyrilərə əsir, qul. Axır onlar sizin əziz balalarınızdır, rəhm ediniz”.

Ancaq bütün bunlara baxmayaraq yenə də müsəlmanların bir araya gəlməsindən çox özlərinin özlərinə düşmən kəsildiyini yazan Vəzirov inanırdı ki, əgər bu müsəlmanlar şəriətin əsil mahiyyətindən xəbərdar olsaydılar pis əməllərindən utanardılar, O, da bir dərviş kimi Allahdan diləyir ki, bu bəlalardan müsəlmanları uzaq eyləsin: “Xudaya! Bizləri cəhalətdən xilas, şəriətimizə mehriban et. Rəhmindən məhrum edib bizləri birəhm qılma, insaf, mürüvvət əta et”. Ona görə, ancaq bir şey də həqiqətdir ki, bir çox müsəlmanlar min əsrdir bu cür vəzlərə qulaq versələr də əməl etmirlər: “Bir toxumdur atıram havaya, bitə ya da bitməyə”. Bizcə, bir az da bədgümanlığa qapılaraq müəyyən zamanlarda Vəzirov hesab etmişdir ki, sözün həqiqi mənasında dininin qayda-qanunlarına, millətinin törələrinə əməl edə biləcək bir müsəlman belə qalmamışdır.

Ancaq ondakı bu pessimizmin müvəqqəti olduğunu görürük. Çünki başqa bir məqaləsində o, müsəlman dünyasında xeyirli, uğurlu bir işin olmasına ümidini itmədiyini də ifadə etmişdir. Məsələn, həmin yazıdan belə məlum olur ki, o, müsəlman dünyasından Qacarlarda qanunların büsatına, Osmanlıda Məclisin açılmasına, müsəlman ölklərində hürriyyətin baş verməsinə ən azından yaxın zamanda çox da ümid bəsləməsə də, bunun əvəzində süni-şiə söhbətinin aradan qalxacağına, müsəlmanların cəhalətdən ayılacağına isə ümidi çoxdur.

Qeyd edək ki, Cümhuriyyət dövründə də N.Vəzirov vətən və millət məsələsini önə çəkmiş, vətəni qoruyan əsgərlərə hörmət etməyi, çarəsiz millət övldalarına yardım etməyi, vətənin hər bir qarış torpağını sevməyi vacib saymışdır: «Bəs indi biz azərbaycanlılar-türklər öz vətənimiz haqqında necə rəftar edirik?... Gecə-gündüz, vaxtlı-vaxtsız, hər dəqiqə vətənin qanını soran quzğunluq! Amandır, quzğunlar! Vətən əldən gedər, yaman günlərə qalarıq. Balalarımızın xatirinə, gələcəkdə övladlarımızın xatirinə rəhm edin vətənə, rəhm edin millətə, əl çəkin mürtəd işlərdən, yoxsa gələcək tarixində adınız çəkilində lənət oxunacaqdır».

Nəcəf bəy Vəzirovun dünyagörüşü ilə bağlı fikirlərimizi yekunlaşdıraraq belə bir nəticəyə gəlirik ki, onun ictimai-maarifçi görüşlərinə xeyli dərəcədə rus-Avropa mədəniyyətinin ciddi təsiri olmuşdur. Belə ki, o, yaradıcılığının ilk dövrlərindən başlayaraq bir müddət milli-dini adət-ənənələri əsasən köhnəlmiş hesab edərək sərt tənqid etdiyi halda, bunun müqabilində Qərb-Avropa mədəniyyətindən yararlanmağın müsbət cəhətlərindən bəhs etmişdir. Belə ki, Vəzirov dövründə mövcud olmuş və köhnəlmiş hesab etdiyi “adət-ənənələri”in əslində İslam-Şərq-Türk mədəniyyətinə sonradan olunmuş əlavələrlə qarşıq salmışdır. Yəni o, köhnəlmiş “adət-ənənələr” dedikdə, bunu əsil milli-dini dəyərlərlə qarışıq salaraq ondan imtina etməyi və inkişafda olan Qərb mədəniyyətinə üz tutmağı məqbul saymışdır.

Ancaq bir müddət sonra Vəzirov müəyyən dərcədə də olsa, həm Qərb mədəniyyəti heyranlığından uzaqlaşmış, həm də İslam-Şərq-Türk mədəniyyətini ona əlavə olunmuş “adət-ənənələrdən” fərqləndirməyi bacarmışdır. Bu isə o deməkdir ki, onun dünyagörüşündə müəyyən dəyişiklik baş vermiş, Vəzirov artıq nisbətən milli-dini mədəniyyətin təsiri altında ictimai-maarifçilik baxışlarını ortaya qoymağa başlamışdır. Hər halda Vəzirovun dünyagörüşünün ikinci mərhələsində görürük ki, onun qəhrəmanları nicat yolunu yalnız Qərb mədəniyyətində axtarmır, eyni zamanda əlavələrdən uzaq olan İslam dini və milli mədəniyyətə də maraq göstərir. Xüsusilə də, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində N.Vəzirov daha çox milli-dini dəyərlər çərçivəsində millətin inkişafına inanmış, rus-Avropa mədəniyyətinə heyranlğı nisbətən azalmışdır. Hər halda Vəzirov bir çox gerçəkləri gördükdən sonar bir cəmiyyətin tənəzzüldən uzaqlaşıb tərəqqiyə qədəm qoyması üçün, ilk növbədə milli törələrinə və dini dəyərlərinə sahiblənməsinin vacibliyini də dərk etmişdir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Sergey Lavrov Bakıya gəlir
ATƏT sərhəddə monitorinq keçirib
Azərbaycanlı iş adamı: "100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram"
Gürcüstanda ən populyar üç soyaddan ikisi azərbaycanlılara məxsusdur
Dillərdə dastan “Çalıquşu”nun məğrur və yoxsul müəllifi – Rəşad Nuri Güntəkin
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...