Qarabag Media
Haqqımızda Əlaqə

Sarı ovqat


Tarix:24-09-2018, 12:38 Kateqoriya:Manşet / Yazarlar

Sarı ovqat ... Payız kəndin üstündən keçib sapsarı məktublar göndərdi adamlara. Məktubların içində iç-içə bir əlçim külək, bir ovuc yağış, bir çimdik qüssə, bir az xatirə, bir qatar durna və bir də... sapsarı yarpağın üstündə solğun xətlə alt-alta yazılmış sətirlər vardı...

Telli arvad məktubu açan kimi külək havalandı, durnalar uçdu, yağış başladı... Qarı qorxa-qorxa məktubun içindəkiləri oxudu, rəngi qaçdı, ömür boxçasını açıb o ki var ağladı. Sonra ürəyi soyusun deyə yupyumru göz yaşlarını ovcuna yığıb qoynuna tökdü. Handan-hana ayağa durub üstünün qaramatını çırpdı, həyətə çıxdı. Titrək barmaqlarıyla damcılar süzülən nar ağacından üç qıpmızı nar dərib ətəyinin küncündə evə gətirdi. Üç narı pəncərənin ağzına qoyub Payızın könlünü almaq istədi. Alınmadı... Payızın göndərdiyi məktubda alt-alta bu sözlər yazılmışdı:

Bu gecə qapının cəftəsini bağlama!
Bu gecə qapının cəftəsini bağlama!!
Bu gecə qapının cəftəsini bağlama!!!

II hissə

... Qapının cəftəsini bağlamadı Telli arvad. Ev-eşiyə əl gəzdirib yerə xalı döşədi. Qab-qacağı üst-üstə çinlədi ki, sabah qara xəbər kəndi ev-ev gəzib-dolaşanda qonşular əl-ayağa düşməsin. Qara gün üçün təqaüdündən oğurlayıb daldaladığı pulları sonuncu dəfə sayıb göz qabağındakı boş qəndqabına qoydu ki, dar macalda adamlar təlaşa düşməsin. Beş il qabaq dükançı Səlimdən aldığı kəfəni, pambıq dəsmalı, öz barmaqarı ilə didib oxşaya-oxşaya hazırladığı pambıq döşəyi, lazım olan hər şeyi üst-üstə yığıb hazır saxladı.

Sonra yuyunub-darandı, qüsullandı, qapının cəftəsini açıq qoyub son yuxusunu görmək üçün sonuncu dəfə uzanıb yatdı...

III hissə

... Səhər xoruzlar səs-səsə verib banlayanda Telli arvad diksinib oyandı. Olanlara mat qaldı. Barmaqları titrəyə-titrəyə stolun üstündəki lampanı yandırıb dünənki məktubu höccələyə-höccələyə yuxarıdan aşağı, aşağıdan yuxarı təkrar-təkrar gözdən keçirdi. Telli arvad gözünə yox, həm də qulağına inanmaq üçün məktubdakıları ucadan oxudu:
Məktubda yazılmışdı: Bağışlayın, məktub ünvanına düzgün çatdırılmayıb. Sizə çatacaq məktubu oxuyun.

Qapının cəftəsini bağlayın!
Evinizi isti saxlayın!
Adınız uzunömürlülər siyahısındadı, özünüzə yaxşı baxın!!!

IV hissə

Telli arvad bu dəfə dünənkindən betər ağladı. Öz halına yox ha, o ünvandakının halına. “Görən, onun da adı Tellidi? Görən, o da mənim kimi...?”
Sualına kimsə cavab vermədi. Telli arvad yuxarı baxıb “Biz kimik ki, hər şey Onun əlindədir” – pıçıldadı. Təskinlik tapıb, ayağa qalxdı. Tələsik pulu qoynundan çıxardı “ehtiyacbank”da - torbadakı düyünün içində gizlətdi, qab-qacağı öz yerinə düzdü, xalçanı büküb küncə itələdi.
Həyətə çıxıb ölümdən qayıdan adam kimi doyunca, uzun-uzadı dünyaya baxdı! Dodağının ucunda “Adam da bu gözəllikdə dünyanın qoyuf ölərmi” – dedi.

Sonra toyuqlara dən vermək üçün qısqıvraq yerişlə hinə tərəf getdi...

V hissə
Həmin il qış sərt gəldi. Gecələrin birində Telli arvad titrətdi. Səhəri kəndin ara həkimi Tükəzban qarının “sətəlcəm!” diaqnozu düppədüz çıxdı. Telli arvadın xəstələnməyi ilə ölümü bir həftə çəkdi. Ölənəcən, bəlkə, elə öləndən sonra da ölümünə yox, Payızın məktubuna inandı...

VI hissə

... Lütfən, hər yazılana inanmayın!

Təranə VAHİD










SON XƏBƏRLƏR
Başı qırxılan qadın...
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Kəlbəcərdən yeni görüntülər - VİDEO
Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası prezidentini qəbul etdi
Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi
Alimlərimizin dünyaya çıxmaq imkanları var
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Mərhum General-mayor Fikrət Məmmədovun doğum günüdür
Özü ölsə, sözü ölməz ustadın
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib
RONNI Electronics -yeni il qabağı müştərilərini hədiyyələrlə sevindirdi
Azərbaycanda xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI
Şəlvə sovməəsi - Laçının əsir abidələri - FOTO
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN - II YAZI
Paşinyanı Moskvada mühafizəçilərlə bir yerdə əyləşdirdilər
Qurban Qurbanov millidən getdi
Millət vəkili şagirdlərə dərs vəsaiti göndərdi
“Azərbaycan...Qazax...Səməd” - Mühacir Baycanın son sözləri
Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır
Günah xəbərlərini həvəslə tirajlamayın!.. - Bunun özü də böyük günahdır...
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı
Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı
Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”
Səksən səkkiz il əvvəl baş vermiş üsyan
Bu gün Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin doğum günüdür
Sankt-Peterburqda İlham Əliyevin Nikol Paşinyanla söhbəti oldu
Koçaryanın həbsi barədə qərar verildi