Qarabag Media
Haqqımızda Əlaqə

Laçında tapşırın torpağa məni...


Tarix:11-10-2018, 23:04 Kateqoriya:Manşet / Cəmiyyət

Laçında tapşırın torpağa məni... Aydın müəllimlə tanışlığımızın yaşı elə ağrılarımın, köçkünlüyümün yaşı qədərdi.
26 il əvvəl özgə bir məktəbdə, yad divarlar arasında qarşılaşanda ikimizin də dərdi bir idi. Vətənsizlik.


İkimiz də qərib bir şəhərin sakinlərinə çevrilmişdik. Onun hüznü gözlərindən oxunurdu yüzlərlə elindən ayrı düşən insanlar kimi. Sakit, həlim davranışları ilə uşaqların ürəyinə yol tapa bilmişdi.

Bir gün öyrəndim ki, Aydın müəllim gözəl şeirlər yazır, amma heç kimə oxumur... Hər kəsdən gizli saxladığı bir söz xəzinəsi var əslində.

Bir şeirini oxumağını istədim mənim üçün. Oxudu və mən onda anladım ki, hər kəs şeir yaza bilməz, hər kəs kağıza köçürə bilməz duyğularını.

Və hər kəs şair olmaz. Kimdir şair? İçindəki ağrıları, harayı gözəl bir musiqiyə çevirən, amma ruhunda gizli acılar bəsləyən kədərli bir insandır. Şairin əvəzinə sözləri, kəlmələri danışar. Hislər bir çiçəkdə, bir yağış damcısında, sərin bir mehdə, bir uşağın gülüşündə, bir qadının baxışlarında yol tapar başqalarının ürəyinə bəzən...

Aydın müəllimin ruhunun, həssas qəlbinin, yorğun illərinin tərcümanı idi şeirləri.

Hər kəsdən gizlin saxlayıb oxumadığı o şeirlər mənim Vətən həsrətimə məlhəm olmuşdu bir vaxtlar. İki il hər dərsdən sonra mütləq bir şerini oxuyardım.

Mən o zaman bildim, Aydın müəllim həm də Azərbaycan folkloru, aşıq yaradıcılığı ilə çox yaxşı tanış olan, zəngin söz ehtiyatına malik bir insandı.

İllər sonra Aydın müəllim bütün şeirlərini “Sabahım Laçındı” adlı kitabında toplayıb, oxucularına təqdim edib. Sevinirəm. Çünki müəllimim deyir ki, onun şeirlərinin işıq üzünə çıxmasında mənim də payım var.

Aydın müəllim Laçının Pircahan kəndində anadan olub. Uşaqlığı, gəncliyi o yerlərdə keçib. Təbiət vurğunu, gözəllik aşiqi, sevgi şairidi o....

Dağların əzəməti, meşələrin, çəmənlərin gözəlliyi, çiçəklərin ətri onun qələmi ilə daha yaxşı vəsf olunur.

Nə müddətdir həsrətini çəkirəm,
De, hardasan, ay bənövşə, hardasan?
Özün kimi zərif qızlar, gəlinlər
Dərib taxmaq istər döşə, hardasan?

Çiçəkli yaylağı, Başyurd, Uzunyal,
Zirvəyə diklənən o cığır, o yol.
Niskilim var ürəyimdə bolhabol,
Yandı canım bu atəşə hardasan?


Aydın müəllim qərib şairdir. Şeirlərinin çoxu ürəyinin fəryadıdır.

Həsrətin çəkdiyim dağlar
Könül sizsiz şad olarmı?
Biz ki əkiz yaranmışıq
Doğma dönüb yad olarmı?

Ağrı, niskil çəkən könlüm,
Dərd zəmisin biçən könlüm,
Qəm şərbətin içən könlüm,
Uçubdu, abad olarmı.


Onun şeirlərində təkcə Laçın həsrəti yox, Kəlbəcər yanğısı da var. Çünki Aydın müəllimi gənclik illəri Kəlbəcər rayonu ilə sıx bağlayır.

Dağlar boyda dağ gətirdin özünlə
Qüdrətdən qalanı kimə tapşırdın?
Köpüklənib sıldırımdan tökülən
Düm ağ şəlaləni kimə tapşırdın?

Ona yaraşıqdı qarı, qırovu,
Niyə tərk elədik qoca Murovu?
Bacılar, analar düşmən girovu
Perikmiş balanı kimə tapşırdın?


Sözə, musiqiyə aşiq olan bu insanın qələmindən çıxan hər kəlmə insanın ürəyinə yatır...

Nə gözəl yaraşır çəmən, dağ yara,
Şirin həsrəti ilə Fərhad dağ yara.
Çəkmə sinəm üstə düyün, dağ, yara
Əzab verməz, zülm eyləməz yar yara.


Aydın müəllim həm də yazır ki,

Taleyin yükünü tək daşımışam,
Çəkdikcə dedilər, çək, daşımışam.
Aydınam bu qədər yük daşımışam
Qaçqınlıq ən ağır şələmdir, baba.


Şair ən çox sevdiyim şeirlərindən birində isə belə deyir:

Soruşsalar nəyim qalıb Laçında,
Deyim, Laçınımda gör nəyim qalıb.
Əlimin qabarı, alnımın təri
Süfrəmdəki halal çörəyim qalıb.

Laçınsız nə həyat, Laçın qanımdır
Onsuz keçən günlər ah-amanımdır.
Özümlə gətdiyim quru canımdır
O dağlarda vuran ürəyim qalıb.

Xınalı kəkliyin xınası hanı?
Qurumuş göllərin sonası hanı?
Bəs bala əliyin anası hanı?
Bilsən neçə arzum, diləyim qalıb.


Qədimoğlunun Vətən niskilli şeirləri çoxdur. Doğma yurdundan ayrı düşüb, torpaq həsrəti çəkən bu insanın təkcə bir arzusu var. Laçında dəfn olunmaq....

Ölsəm bu yerdə dəfn eləməyin,
Laçında tapşırın torpağa məni.
Bükün gül-çiçəyə, yarpağa məni
Laçında tapşırın torpağa məni.

Kişiliyin, mənliyimin dalınca
Toy-düyünün, şənliyimin dalınca
İtirdiyim gəncliyimin dalınca
Göndərin dağlara sorağa məni
Laçında tapşırın torpağa məni.


Şeir sözün unudulmayanıdır, ölümün əlindən nələrisə xilas etməkdir. Ən gözəl sözlər şeir biçimində söylənənlərdir və ən uzun yaşayan sözlər də şeir qəlibinə girərsə, yaşaya biləcək..... (İsgəndər Pala)

Şairlər şeirləri ilə hüzünlənər, şeirləri ilə xoşbəxt olarlar. Aydın müəllimin yazdıqları da həm özünə, həm də özgələrinə təsəllidir.

Qələmin, ürəyin var olsun, əziz müəllimim! Çox yaşa, yaz, yarat! Yaz ki, biz də sənin o dəyərli kəlmələrinin işığında bir gün evimizə, elimizə yol ala bilək. Laçında torpağa tapşırılaq......

Aydın Qədim oğlu Abbasov 1935-ci ildə Laçın rayonu Pricahan kəndində anadan olub. 1949 -cu ildə Pircahan kənd 7 illik məktəbini əla qiymətlərlə bitirib və həmin ildə Laçın şəhər Pedoqoji məktəbinə daxil olub. 1953-cü ildə Pedoqoji məktəbdə təhsilini uğurla başa çatdırıb. 1953-cü ildən Kəlbəcər rayonunun Milli kənd məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 1954-cü ilin oktyabrında hərbi qulluğa çağırılıb, 3 il hərbi qulluqdan sonra yenidən əvvəlki iş yerinə qayıdıb. Daha bir neçə il Kəlbəcərdə işləyib. 1959-cu ildən Azərbaycan Respublikası Maarif Nazirliyinin əmri ilə Laçın rayon xalq maarif şöbəsinin sərəncamına göndərilib və Laçın rayonunun müxtəlif kənd məktəblərində müəllimlik fəaliyyətini davam etdirib. 1970-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1975-ci ildə institutu uğurla bitirərək tarix ixtisasına yiyələnib. 1992-ci ildə Laçın rayonu erməni təcavüzkarları tərəfindən işğala məruz qalanadək Pircahan kəndində ixtisası üzrə işləyib və müxtəlif vəzifələrdə çalışıb.

Qönçəgül KAMALQIZI










SON XƏBƏRLƏR
"Nərmin Şahmarzadəni cinayət məsuliyyətinə cəlb etmək lazımdır"- Millət vəkili
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Sergey Lavrov Bakıya gəlir
ATƏT sərhəddə monitorinq keçirib
Azərbaycanlı iş adamı: "100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram"
Gürcüstanda ən populyar üç soyaddan ikisi azərbaycanlılara məxsusdur
Dillərdə dastan “Çalıquşu”nun məğrur və yoxsul müəllifi – Rəşad Nuri Güntəkin
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Görkəmli maarif xadimi Mənzər xanım Şərifova — 120