Qarabag Media
Haqqımızda Əlaqə

“Hamı Zəngilana qayıdacaq...” - Şərif Ağayar yazır


Tarix:29-10-2018, 18:53 Kateqoriya:Manşet / Yazarlar

“Hamı Zəngilana qayıdacaq...” - Şərif Ağayar yazırXəbər verdiyimiz kimi, oktyabrın 29-da Zəngilan rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 25 il keçir. Karabakhmedia.az bu münasibətlə Şərif Ağayarın yazısını təqdim edir:

Qaldığımız yataqxanada Köçəri adlı bir kişi yaşayır. Zəngilanlıdır. Yaşı 80-i aşıb mən bilən. Saçları və bığları ağappaqdır. Bığlarının ortası siqaret çəkməkdən sapsarıdır. Başının ortası isə keçəl... İri və ümidsiz gözlərinə qəfil yaxalansan ildırım vurar səni.

Köçəri dayını on ildən artıqdır ki, tanıyıram, ancaq bu on ildə ondan eşitdiyim sözləri yazası olsam bir səhifə eləməz. Tütün sarısı bığları elə bil ağzını da əbədi olaraq qapayıb. İsti havalarda stulunu yataqxananın qarşısında əyləşib laqqırtı vura-vura əcəlini gözləyən qoca qaçqınlara yaxın qoyur və yalnız siqaret tüstülədir. Bir də hərdənbir boğazını arıtlayır. Elə ürəkdən arıtlayır ki, deyirsən bu dəqiqə bir “Segah” qaldıracaq. Amma oxumur da! Eləcə iri gözlərini söhbət edənlərin sifətinə dikib dayanır. Heç deyəsən adamlara da qulaq asmır.

Bəzən siqaret istəyirsən. Elə hövsələ ilə əlini cibinə aparır ki, lap zəhrin yarılır. Onda zaman çox gec irəliləyir – bu uzun müşahidələrdən sonra gəldiyim qənaətdir. Amma son vaxtlar xeyli düşüb Köçəri dayı... Gözləri balacalaşmasa da bir az geri çəkilib, işığı öləziyib.

Ömrüm boyu cəmi bircə dəfə danışdırmaq istəmişəm bu kişini:

“Əşşi, de görüm Həkərinin qızıl balığından doyunca yeyə bildin?”

“Hı!” – eləyib qəribə tərzdə gülümsədi. Bığları dartındı. Sifətində inanılmaz sevinc peyda oldu və uzun müddət donub qaldı. Bilmədim bu səslə dediyimi təsdiq edir, yoxsa inkar.

Hər halda bu gözlənilməz jest Köçəri dayı barədə məni daha dərin qüssəyə saldı.

Son aylar yaddaşını tamam itirib. O günü çörək almağa gedəndə azıb, geri qayıda bilməyib. Kiməsə yaxınlaşıb qaldığı binanı soruşmağa ar eləyib. Bəlkə heç soruşa bilməyib. Yataqxananın nömrəsi də, adamların adı da yadından çıxıb. Küçədəki təsadüfi cavan uşaqlar kömək ediblər, əlindən tutub məhəllə sakinlərinə göstəriblər: “Bu kişini tanıyırsız?”

Təsadüfən yataqxanamızda qalan bir müəllimə rast gəlib onlara və əlindən tutub evə gətirib.

Bundan sonra bir dəfə də itdi Köçəri dayı. Bu dəfə də binanın qabağında dayanan taksiçilərdən biri tapıb gətirdi. Dedi, saat 9 radələri, əlində bir sellofan kulyok Qurd qapısına tərəf gedirdi. Bildim ki, azıb. Maşına oturdub gətirdim.

Köçəri dayı sonuncu qar yağanda da itdi! Bütün yataqxana əhli töküldü küçələrə. Polisə xəbər verdik, taksi sürücülərinə hay saldıq, tanış-bilişə zəng vurduq... Saat 12-dək bir nəticə hasil olmadı. Binanın ağsaqqalları qərar gəldilər ki, hardasa yıxılıb ölüb! Sonra Köçəri dayının qohumlarını qınamağa başladılar:

"Bilirsiz belədi, dükana niyə göndərirsiz?”

Xəstə qadını xırıltılı səslə ağladı:

“Təpəsinə daş düşsün, eşidir ki, adamı! Deyir evdə qala bilmirəm, ürəyim sıxılır!”
Təxminən bir saat sonra həyətdən ambulans vıyıltısı eşidildi. Bəli, gələn, daha doğrusu, gətirilən Köçəri kişiydi. Ölməmişdi. Amma doğrudan da haradasa yıxılmışdı. Üst-başı palçıq idi. Əlində, həmişəki kimi sellofan kulyok, kulyokun içində bir çörək, yüz qıram pendir, üç-dörd dəst dovğa pencəri vardı. Əlləri donsa da kulyoku atmamışdı. Dili ağzında çönmürdü yazıq kişinin. Odur ki, heç kimə heç nə deyə bilmədi. Həkimlər sakitləşdirici iynə vurub onu rahat buraxmamızı tövsiyə etdilər. Dağılışdıq.

İki gün sonra səhər işə gələndə Köçəri dayını koridordakı cırıq kresloda oturub siqaret çəkən gördüm.

“Sabahın xeyir, Köçəri dayı, həmişə ayaq üstə!”

Yaddaşını tamamən itirdiyini düşündüyümüz bu balacaboy kişi qəflətən ayağa qalxdı və ümidsiz gözlərini üzümə zilləyib sayıqlayırmış kimi danışmağa başladı:

“Hamı Zəngilana qayıdacaq, məni burda atacaqlar. Orda mənim dörd gözlü evim var, həyətində ərik ağacları...”

Darmadağın oldum.

Onu sinəmə sıxıb dedim:

“Köçəri dayı, nə qədər ki, mən sağam, burdan heç bir qurumsaq Zəngilana qayıda bilməz! Ürəyini buz kimi saxla!”

Dedim və tütün iyi verən bığlarının saralan yerindən öpdüm...

Şərif AĞAYAR
2013

_________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi